- Toplum
- 8 Noyabr 2018 11:14
- 1 496
Tələbələr üçün ustad dərsləri

Məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaqdır
Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ali və orta-ixtisas müəssisələrinin tələbələri üçün futzal idman növü üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib.
AzNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir.
Tələbələr arasında futzal üzrə Respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər. 500 nəfərdən artıq tələbənin tamaşaçı qismində iştirak etdiyi tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə Azərbaycan Politexnik Universitetinin komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun 1-1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulub.
Səidə Nurməmmədli,
AzNews.az

