- Toplum
- 19 Mart 2019 14:33
- 6 485
İlaxır çərşənbədə hər kəs tonqalın ətrafına toplaşır - Yeganə Baxşəliyeva
İlaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il bu çərşənbəni evində olmaz.
Xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbə - "Su çərşənbəsi”, "Od çərşənbəsi”, "Yel çərşənbəsi” və "Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir.
Bu fikirləri AzNews.az-a açıqlamasında BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyat kafedrasının magistrantı Yeganə Baxşəliyeva səsləndirib.
Onun sözlərinə görə, sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur:

“Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir”.
Mütəxəssis bildirir ki, İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar:

“Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.

Yeganə Baxşəliyeva vurğulayır ki, xalqımız İlaxır çərşənbədə olan inancları ta qədimdən bu günədək qoruyub saxlayır:
· İlaxır çərşənbədə uşağa beşik düzəldərlər.
· İlaxır çərşənbədə gün çıxmamış su üstündən hoppanarlar.
· İlaxır çərşənbədə tonqal yandırarlar.
· İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
· İlaxır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.
· İlaxır çərşənbədə qorxanların başından su töküb, qorxunu alarlar.
· İlaxır çərşənbədə evdən pul, qonşuya ələk verməzlər.
· İlaxır çərşənbədə günü şamı yarımçıq söndürməzlər.
· İlaxır çərşənbədə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür.
· İlaxır çərşənbədə vəfat etmiş yaxın adamların adlarını sadalayaraq, "filankəslərin adına qazan asdım” deyib, qazana ət, düyü və s. tökərək, yemək hazırlayarlar.

Səidə Vahid
AzNews.az
