"Rusiya Cənubi Qafqazda əsas rolunu qorumağa çalışır" – Rəşad Bayramov

"Overçukun bəyanatı regionda Rusiyanın strateji mövqeyini və həmçinin Cənubi Qafqazda geosiyasi təsirini möhkəmləndirmək niyyətini göstərir. Onun vurğulaması ki, bu balans “yalnız Rusiyanın iştirakı ilə təmin oluna bilər”, Moskvanın həm regional təhlükəsizlik, həm də iqtisadi inteqrasiya prosesində əsas aktor kimi qalmaq istəyini açıq şəkildə ortaya qoyur. Rusiya üçün Cənubi Qafqaz həm strateji, həm də təhlükəsizlik baxımından mühüm regiondur. Ərazi baxımından Azərbaycan, Ermənistan və Gürcüstan vasitəsilə Rusiya Avrasiya nəqliyyat marşrutlarına, enerji resurslarına və regional kommunikasiya xətlərinə birbaşa çıxış əldə edir. Ermənistanın blokadadan çıxarılması və regional nəqliyyat əlaqələrinin bərpası isə bir tərəfdən Azərbaycanın iki hissəsi arasında birbaşa keçid, digər tərəfdən isə Ermənistanın iqtisadi inteqrasiyasına yol açır. Rusiya burada özünü həm vasitəçi, həm də balans təminatçısı kimi göstərməklə regional təsirini qorumağa çalışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib ki, Ermənistanın blokadadan çıxarılması bütün Cənubi Qafqazın inkişafı üçün vacibdir və bu prosesdə yalnız Rusiyanın iştirakı maraqlar balansını təmin edə bilər. Onun sözlərinə görə, Ermənistanın blokadadan çıxması, Azərbaycanın iki hissəsi arasında nəqliyyat əlaqələrinin bərpası və Mehri istiqamətində kommunikasiyaların açılması regionun dinc inkişafı üçün mühüm əhəmiyyət daşıyır. "Bu yol olmadan orada sülh mümkün deyil. Lakin sülh yalnız regiondakı bütün ölkələrin maraqlarının balanslaşdırılması ilə qurula bilər və bunu yalnız Rusiyanın iştirakı təmin edə bilər”, – deyə o qeyd edib.

Siyasi şərhçi qeyd edib ki, Moskvanın yanaşması həm də geosiyasi qiymətləndirmə ilə bağlıdır.

"Cənubi Qafqazda ABŞ, Avropa İttifaqı və Türkiyə kimi aktorların artan rolu Rusiyanın burada yalnız passiv qalmasını riskli edir. Buna görə də Rusiya bu mesajla həm Azərbaycan, həm Ermənistan, həm də digər regional aktorlar qarşısında öz mövqeyini möhkəmləndirməyə cəhd edir. Bu yanaşma həm də Moskvanın gələcəkdə enerji, nəqliyyat və təhlükəsizlik layihələrində veto və ya dominant rolu saxlamaq niyyətindən xəbər verir. Regionda balansın yalnız Rusiyanın iştirakı ilə təmin oluna biləcəyi iddiası həm də daxili siyasət üçün əhəmiyyətlidir. Rusiya çalışır ki, öz rolunu qabartmaqla indi əldə edilmiş razılaşmalara görə ABŞ-nin nəzarəti ilə həyata keçirilən TRİİP layihəsində hansısa formada pay sahibi olsun. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında yenidən vasitəçilik missiyasına qayıtmış olsun. Beləliklə, Moskva həm tərəflər arasında danışıqları yönləndirməyə cəhd edir, həm də öz strateji prioritetlərini qoruyur. Digər tərəfdən, Rusiya özünü əsas oyunçu kimi təqdim etməklə eyni zamanda Avrasiya İqtisadi Birliyi və digər regional layihələrin vacibliyini qabartmağa çalışır. Odur ki, Overçukun bəyanatına Rusiyanın həm strateji, həm iqtisadi, həm də siyasi maraqlarını qorumaq cəhdləri kimi baxmaq lazımdır. Amma fakt odur ki, Rusiya artıq regionda əsas oyunçu deyil və hətta kifayət qədər təsir imkanlarına malik olduğu Ermənistan üzərində belə ənənəvi təsir rıçaqları yoxdur. Əldə olan təsir alətlərindən istifadə isə Ermənistanın Rusiyadan tamamilə uzaqlaşmasına səbəb ola bilər ki, bunu Rusiya da kifayət qədər yaxşı başa düşür".

Rəfiqə Namazəliyeva,

AzNews.az