"İran aqressiv siyasətindən geri çəkilmir" – Azər Həsrət

"Bölgə ölkələrinin İrana qarşı müharibəyə qoşulmasından təbii heç nə ola bilməz. Çünki İran müharibənin ilk saatlarında təkcə Amerika Birləşmiş Ştatlarını deyil, Körfəz ölkələrini də raket və dron atəşinə tutaraq ciddi zərər vurdu, insan itkilərinə səbəb oldu. Yəni İran faktiki olaraq müharibənin tərəfi olmayan ölkələri də qarşıdurmaya cəlb etməyə çalışdı. Buna baxmayaraq, Körfəz ölkələri təmkinli davrandı, İrana qarşı heç bir hücum həyata keçirmədi, sadəcə İran rəhbərliyini daha ağıllı davranmağa çağırdı. Amma bu günə qədər müşahidə edirik ki, İran tərəfi, İran rəhbərliyi düzgün və rasional qərarlar qəbul edə bilmir. Yəni faktiki olaraq İran öz aqressiv siyasətindən imtina etmək niyyətində deyil. İmtina etmədiyi üçün də baş verənləri bütün dünya görür. Düzdür, İran təbliğatı müxtəlif cizgi filmləri və materiallar hazırlayaraq dünyaya yayır, ABŞ və İsrailə qalib gəldiyini iddia edir, guya bu müharibədə ABŞ və İsrail məğlub olub".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana birgə hücumu ilə başlayan müharibə bir aydan çoxdur davam edir. Bu müddətdə regiondakı vəziyyət yumşalmaq əvəzinə daha da mürəkkəbləşib. Son məlumatlara görə, İranda ölənlərin sayı 1.973 nəfəri ötüb. Müharibənin nəticələri İran hərbi rəhbərliyində itkilərə, ABŞ tərəfində isə hərbi komandirlərlə bağlı istefa iddialarına səbəb olur. ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olduğunu desə də, İran XİN başçısı Abbas Əraqçi atəşkəsi qəbul etməyəcəklərini bildirib. Tərəflər arasında raket və dron hücumları intensivləşdiyi bir vaxtda ritorika da sərtləşir. İran rəhbərliyi müqavimətin davam etdiriləcəyini bəyan edir, Tramp isə razılaşma olmazsa, sərt addımların atılacağını deyir. Eyni zamanda Körfəz ölkələrinin mövqeyi münaqişənin regional miqyas alma riskini artırır. İran tərəfi region ölkələrindən birinin ABŞ-yə dəstək verdiyini iddia edir. Mövcud gərginlik regionun gələcək istiqamətini qeyri-müəyyən saxlayır.

Siyasi şərhçi qeyd edib ki, reallıqda zərər görən tərəf İrandır.

"ABŞ-yə demək olar ki, ciddi bir itki olmayıb, bir neçə hərbçinin vəziyyəti ilə bağlı fərqli məlumatlar olsa da bu, müharibənin gedişinə təsir etmir. İsrail isə öz mövqelərində qalmaqdadır. Yəni uzun illər “yer üzündən siləcəyik” deyə bəyan edilən İsrail nəinki məhv olmayıb, əksinə mövqelərini daha da gücləndirib. Faktiki olaraq bu müharibədə İran daha çətin vəziyyətə düşüb. Üstəlik, Körfəz ölkələri müharibəyə qoşularsa, təbii ki, onlar ABŞ və İsrailin tərəfində çıxış edəcəklər və bu halda İranın vəziyyəti daha da ağırlaşacaq. Ona görə də düşünürəm ki, İranı idarə edənlər nəhayət ağıllı qərar verməlidirlər, danışıqlara üstünlük verməli və ABŞ ilə masa arxasında problemi köklü şəkildə həll etməlidirlər. Çünki bundan sonrakı mərhələdə İranın ABŞ və İsrail qarşısında dayanıqlı müqavimət göstərməsi üçün real potensial görünmür. ABŞ-də generalların və ya ayrı-ayrı şəxslərin istefası kimi hallar ümumi siyasəti dəyişmir. ABŞ şəxslər üzərində qurulmuş dövlət deyil. Onun uzunmüddətli dövlətçilik ənənələri və güclü institusional sistemi var. Bir şəxsin istefası dövlət siyasətini dəyişmir. Ona görə də heç kim düşünməsin ki, hansısa generalın istefası ABŞ-ni zəiflədə bilər. ABŞ istefa verən şəxslərin yerini rahatlıqla doldura biləcək potensiala malikdir. Bu, İran deyil. İranda isə yüksək vəzifəli şəxslərin itirilməsi daha ciddi boşluqlar yaradır. Ali dini rəhbər və generallar səviyyəsində baş verən dəyişikliklər sistemə təsir göstərir. ABŞ isə belə deyil. Demək istədiyim odur ki, müharibə tam gücü ilə davam edir və ABŞ öz məqsədinə çatmayınca geri çəkilməyəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az