1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib
  • Toplum
  • 26 Aprel 2019 16:10
  •  2 568

“National Geographic” jurnalına görə Mədəniyyət Nazirliyi məhkəməyə verildi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib

“Azerbaijan Guide Travel” MMC Azərbaycan Maliyyə Nazirliyini və Mədəniyyət Nazirliyini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC göstərilmiş xidmətlərin əvəzi olaraq 16 min 760 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat pulun tutulması barədə tələb irəli sürüb.

Turizm şirkəti iddia tələbini onunla əsaslandırıb ki, Mədəniyyət Nazirliyi (sifarişçi) ilə “Azerbaijan Guide Travel” MMC (icraçı) arasında 26 aprel 2018-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanıb. Müqavilənin 2.1-ci bəndi üzrə sifarişçi “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycana qəbulu ilə bağlı xidmətlərin satınalınması üçün icraçının 17 min 32 manat məbləğində tender təklifini qəbul edib.

Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satın alınan 2018-ci ilin 04-09 may tarixlərində Rusiyanın “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycana qəbulu ilə bağlı xidmətlərin təşkilini öhdəsinə götürüb. Müqavilə üzrə icraçı MMC tərəfindən xidmət müqavilədə göstərilən məbləğdən daha ucuz, yəni 16 min 760 manat məbləğində götürülüb, bununla bağlı çəkilən xərclər barədə elektron hesab faktura göndərilib. Çəkilən xərclər həm Mədəniyyət Nazirliyi, həm də “Azerbaijan Guide Travel” MMC tərəfindən 10.07.2018-ci il tarixdə təsdiqlənib.

Mədəniyyət Nazirliyinə elektron hesab faktura göndərilməsinə baxmayaraq, hələlik pul ödənilməyib. Ödənişin edilməsi üşün Mədəniyyət Nazirliyi tərəfindən bildirilib ki, elektron hesab faktura Maliyyə Nazirliyinə göndərilib, lakin pulun MMC-nin bank hesabına köçürülməsi qeyri-müəyyən səbəblərə görə Xəzinədarlıq İdarəsi tərəfindən icra edilmir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib. Qərara əsasən, Mədəniyyət Nazirliyindən “Azerbaijan Guide Travel” MMC-nin xeyrinə, ümumilikdə, 16 960 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub.(report.az)

AzNews.az