“Azərbaycanda hər 10 min nəfərə 33 həkim düşür”

"Xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir"

“Bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür. Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir “kritik gücü” var”.

AzNews.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib:

“Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan hökuməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin “koronavirus əyrisi”ni “ütüləməyə” və vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq”.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.