Biləsuvarda yaranan su qıtlığına səbəb nədir?

"Azərsu" aydınlıq gətirdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Biləsuvar rayonunun bəzi kəndlərində yaranan içməli su qıtlığı ilə bağlı məsələyə münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, Əzizbəyov kanalından qidalanan təsərrüfatlararası kanalda su olmadığından Biləsuvar rayonunun bir neçə kəndində - Təzəkənd, Cürəli, Amankənd, Dərvişli və Ağalikənddə olan modul tipli qurğuların fəaliyyəti dayanıb: "Modul tipli qurğular həmin kanaldan suyu götürərək emal edir və zərərsizləşdirərək kənddəki ümumi istifadə edilən bulaqlara müəyyənləşdirilmiş qrafiklə vurur. Hazırda həmin kanallarda su olmadığı üçün kəndlərin içməli su təchizatında problem yaranıb. Əgər kanala su vurularsa, dərhal bizim modul qurğuları işə başlayacaq və yenidən əhalini bu sistemlə içməli su ilə təmin edəcəyik".

A.Cəbrayıllı bildirib ki, hazırda əhalinin içməli su problemini aradan qaldırmaq üçün Regional Su kanal İdarəsindən Biləsuvar sukanal sahəsinə su maşını ayrılıb: "Həmin maşınla modul tipli qurğuların ehtiyat çənlərinə su daşınır. Həmin çənlərə vurulan su qrafiklərlə kəndlərə veriləcək". (Trend)

AzNews.az