Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir
  • Toplum
  • 10 İyul 2020 17:44
  •  3 879

Baş Nazir Əli Əsədov qərar imzaladı

Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nı təsdiq edib.

AzNews.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, operatorun məsul şəxsinin (şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-də və yaxud Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqında akkreditasiyadan keçmiş digər qurumlarda təşkil edilir və keçirilir.

Hazırlıq üzrə məşğələlər tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı və təcrübəli müəllim və (və ya) təlim ustaları cəlb olunmaqla keçirilir.

Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə tədris qrupları 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda (sürücülərə münasibətdə) olmaqla formalaşdırılır. Tədris proqramları üzrə məşğələlər nəzəri (mühazirələrdən) və praktiki hissələrdən, həmçinin yekun qiymətləndirmədən ibarətdir. Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

Hazırlıq zamanı məsul şəxslərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluqları, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, müxtəlif müqavilə növlərinin hüquqi və praktiki aspektləri, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların maliyyə menecmenti, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə məlumatlar verilir.

Hazırlıq üzrə məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, eləcə də sərnişin daşınmasının ümumi şərtləri, baqajın (əl yükünün) daşınmasının təşkili və saxlanılmasının şərtləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.

Məsul şəxslərin və sürücülərin hazırlığı üzrə tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı tədris proqramlarında qeyd olunan qədər olmalı, yenidən hazırlıq isə həmin proqramlar əsasında 35 saatdan az olmamalıdır.

Məsul şəxslər və sürücülər hazırlıq üzrə məşğələlərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydanın 2.1-ci bəndində qeyd olunan qurumlara təqdim etməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- 1 ədəd fotoşəkil (3x4 sm ölçüsündə);

- sağlamlıq barədə tibbi arayış (təqdim etməzdən ən geci 1 (bir) ay əvvəl alınmış);

- əsli təqdim edilməmişdirsə, operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə idarə etdiyini təsdiq edən müqavilənin (məsul şəxsə münasibətdə) notarial qaydada təsdiq edilmiş surəti;

- sürücülük vəsiqəsinin surəti (sürücüyə münasibətdə).

- Yenidən hazırlıqda iştirak etmək üçün müraciət edən məsul şəxs və yaxud sürücü bu sənədlərdən əlavə, ilk dəfə hazırlıq keçməsini təsdiq edən müvafiq sənədi də təqdim etməlidir.

Hazırlıqda iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə hazırlığın başlanılmasına azı 10 (on) gün qalmış bu barədə məlumat verilir.

Hazırlıq və yenidən hazırlıq üzrə məşğələlər əyani formada keçirilir.

Hazırlıq və yenidən hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.

Hazırlıq və ya yenidən hazırlıq üzrə məşğələlərdə iştirak edən məsul şəxsin (şəxslərin) və ya sürücülərin hazırlıq səviyyəsi hazırlığın və ya yenidən hazırlığın yekununda test üsulu ilə yoxlanılmaqla qiymətləndirilir.

Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60%-nə və ya daha çoxuna cavab verən məsul şəxslər və sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçmələrini təsdiq edən, etibarlılıq müddəti 5 il olan və forması Nazirlər Kabineti tərəfindən təsdiq edilən şəhadətnamə və tədris olunan mövzulara dair əyani yaddaş materialları təqdim edilir.

Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60%-nə cavab verə bilməyən şəxslərin proqramın mövzuları üzrə bilikləri 6 ay ərzində təkrarən qiymətləndirilir.

Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən şəxslər müvafiq proqram üzrə hazırlığı bitirdikdən sonrakı 6 ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyət göstərmədikdə, hazırlığı və ya yenidən hazırlığı təkrar keçməlidirlər.

Şəhadətnamə yalnız şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edildikdə etibarlıdır. Şəhadətnamə əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

- onu almış şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;

- şəhadətnamədə yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

- şəhadətnamə yararsız hala düşdükdə.

- Şəhadətnamə itirildikdə onun dublikatı verilir.