"İbrahim peyğəmbər yanlış düşünürdü" - Şərqşünas-alim

İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan

AzNews.az Kulis.az-a istinadən şərqşünas-alim Nəriman Qasımoğlunun “İbrahim Peyğəmərin yuxusunu yanlış yozması” yazısını təqdim edir.

İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünür. Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan uzaq olmalarıdır.

Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsini bunca əzazil imtahana çəksin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU (Qurani-kərim. red) məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.

İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!! Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan.

Müvafiq ayələrin hərfi tərcüməsi: “...Oğlum, yuxuda görurəm boğazını uzurəm. Bax, görəsən, bu nə ola?” Dedi: “Atacan, sənə nə əmr edilirsə, yetir yerinə. Tanrı istərsə görəcəksən, götürümlü kimsələrdənəm”. Hər ikisi təslim etdi özünü. Oğlunun alnını yerə dirəyən anda səslədik onu: “Ey İbrahim, yuxunu təsdiqlədin. Beləcə əvəz veririk gozəl davrananlara. Bu, hec şəksiz, aşkar sınaqdır ki var!” Suc bahası qıldıq ona böyuk bir qurbanlığı”.

1. Tanrı iradəsi ilə peyğəmbərlərə aid baş verən bütün epizodlarda onlara vəhy verilməsi vurğulanır. Bu epizodda vəhy söhbəti yoxdur, adicə yuxudur.

2. İbrahimlə oğlu yuxuda görüləni vəhy olmadan Tanrı əmri kimi qəbul edirlər. Və bu səbəbdən təslimiyyət halına daxil olurlar.

3. İbrahim Tanrı əmrinə itaətini sübut üçün yuxuda gördüyünü həyata keçirmək istəyir və bununla da yuxusunu əməldə təsdiqləyir. Məlum epizodda İbrahimə aid vəhy məhz bu məqamda, təslimiyyət məqamında səslənir və, bir daha vurğulayım, məlum yuxuda “övladının başını kəs” deyə Tanrı vəhyi səslənmir.

4. İbrahim oğlunun ölümdən xilasına səbəb hər ikisinin təslimiyyət halını yaşamasıdır, Tanrıya təslimiyyət halını.

5. İbrahim Tanrıya təslimiyyət halında olduğuna görədir ki, gözəl davranışdır, mükafatlandırılır. Nə ilə? İbrahim övladının xilası ilə.

6. Baş verən sınaqdır. Tanrı istəyilə baş tutan sınaq yox, Tanrı nəzarətində olan sınaq, çünki hər ikisi təslimiyyət halında olanda Tanrı ilə gerçəkdən təmasa daxil olurlar. OXU ayələrində keçən “imtahan” sözünün işləndiyi epizodları bir-bir təkrar nəzərdən keçirdim. Bunların hər birində imtahanın – istər inananlar üçün olsun, istər dananlar – Tanrı istəyilə baş verdiyi birmənalı və açıqca vurğulanır. Təkcə bir ayədə, İbrahimlə bağlı yuxarıdakı epizoda aid ayədə bunun Tanrı istəyincə olması açıqca bildirilmir və o üzdən də imtahanın əvvəldən nəzərdə tutulması qəbul edilən deyil.

7. Sonuncu cümləni ənənəvi olaraq “biz ona böyük bir qurbanlığı əvəz verdik” kimi tərcümə edirlər. Zənnimcə, təqdim etdiyim ifadə daha dəqiqdir, çünki OXU-da bir şeyə əvəz vermək mənasında işlənən “fidyə vermək” ifadəsi daha çox günahların yuyulması müqabilində işlənir. Həmin ifadədə də sözügedən feil keçir, bunu “suç bahası” kimi vermək OXU məntiqinə daha uyarlıdır: a) Peyğəmbər suç işlədir – yuxuda gördüyünü vəhy kimi qəbul edir, bütpərəstlərə xas düşüncə ilə bunun Tanrıdan olduğunu güman edir; b) Az qala daha böyük suç işlədəcəkdi, təslimiyyət halında olduqlarına görə qarşısı alınır; c) Tarixdə o zamana qədər insanların ilahlar adına, Tanrı adına insanı qurban verməsi böyük suçdur.

8. Və nəhayət, suç bahası olaraq böyük bir qurbanlıq verilir. “Böyük bir qurbanlıq” ifadəsini necə anlamalıyıq? Qurbanlıq heyvanın həcminə görəmi “böyük” sözü keçir? Əlbəttə, yox. Diqqətimiz yönəldilir hadisənin insanlıq üçün önəminə. İnsanın Tanrı adına qurban verilməsinə son qoyulur bəşər tarixində. Verilən qurbanlığın məcazi mənada “böyüklüyü” bundadır.