Karantindən sonra bizi nə gözləyir? – ARAŞDIRMA

Ola bilsin ki, hələ məktəbə getməyən, bu il birinci sinifə başlayan uşaqlarda adaptasiya problemi yaşansın

Bu ilin mart ayından etibarən ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün müəyyən fasilələr olmaqla karantin rejimi tətbiq olunur. Bu müddət ərzində təhsil müəssisələrində dərslərin dayandırılması, bəzi iş yerlərinin onlayn fəaliyyət göstərməsi, kafe, restoranların, alış-veriş mərkəzlərinin müvəqqəti bağlanması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Belə olan halda isə, karantin rejiminin bitəcəyi təqdirdə "əvvəlki həyata" necə qayıdılacaq məsələsi insanları düşündürən məqamlardan biri olub. Məlumdur ki, insanın uzun müddət hansısa bir şəraitə uyğunlaşması da, sonra əvvəlki vəziyyətə qayıtması da uyğunlaşma, adaptasiya dövrü tələb edir.

Elə karantin dövründən sonra insanların adaptasiya dövrünə ehtiyyacının olub-olmaması sualı da hər kəsi düşündürür.

Məsələ ilə bağlı AzNews.az-a danışan sosioloq Lalə Mehralı karantindən sonra insanların adaptasiya dövrünə ehtiyacı olmayacağını deyir:

“Karantindən sonra düşünmürəm ki, insanların adaptasiya olmasına ehtiyac olsun. Normal həyata döndükdən sonra insanların başı o dərəcədə işə qarışacaq ki, nəsə düşünməyə vaxt olmayacaq. Aylardır hamı işsizlikdən, çölə çıxa bilməməkdəm şikayətlənir, yəni, bütün hallarda biz özümüzə məşğuliyyət tapa biləcəyik. Bəlkə də azyaşlılarda, məktəblilərdə bunu müşahidə edəcəyik. Ola bilsin ki, hələ məktəbə getməyən, bu il birinci sinifə başlayan uşaqlarda adaptasiya problemi yaşansın. Digər şəxslər qaldıqları yerdən "davam deyib" həyatlarına davam edəcəklər. Çünki, əksəriyyət səbirsizliklə vəziyyətin normala dönməsini gözləyir”.

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, ölkəmizdə olan karantin sistemi insanların psixologiyasına olduqca pis təsir edib:

“Sırf Azərbaycanda olan karantin insanların psixologiyasına olduqca mənfi təsir göstərdi. Dünyanın bir çox ölkəsində də karantin var. Elə Türkiyəni götürək, sadəcə maskalardan istifadə olunur. Amma bir o qədər qadağa yoxdur. Azərbaycanda isə qadağaların sayı-hesabı yoxdur. Bu da insanlara çox pis təsir edir. İlk olaraq iş yerlərinin bağlı olması insanlarda maddi sıxıntının yaranması ilə nəticələnir. Bəzən elə olur ki, insanın həyatında hər hansı bir problemi olur, amma onu tez bir zamanda unudur. İşə gedib-gəlir, öz ətrafındakılarla, yaxınları ilə ünsiyyətdə olur..."

Hazırda bir çox iş yerləri açıq olmadığı üçün insanların evdə qalmağı, həmçinin sms sisteminin tətbiqi insanlarda həddən artıq aqressiya, nevroz, panik atak kimi halların yaranması ilə nəticələnir, - deyən psixoloq əlavə edib ki, karantin uzun müddətdir davam etdiyi üçün hamıda depressiya halları yaranıb: "Hamı ayın 5-ini səbirsizliklə gözləyirdi, həyata atılmağa çalışırdı. Nəticədə həmin insanların xəyallarının, istəklərinin puç olması onlarda həddən artıq aqresssiyanın yaranmasına səbəb oldu. Bütün bunlara alışması,həyatlarına qaldıqları yerdən davam etmələri üçün insanların zamana ehtiyacı olacaq".

Psixoloq sonda deyib ki, əslində, biz həyatı planlı qururuq və buna görə də bir sıra problemlər ortaya çıxır: "Həyatı planlı qurmaq lazım deyil. Biz istəyirik ki, hər şey bizim nəzarətimizdə olsun və hər şeyi özümüz idarə edək. Bu da həmişə gözlədiyimiz kimi nəticələnmir. Nəzərə almalıyıq ki, bu da keçib gedəcək bir şeydir. Özümüz özümüzə dəstək olmalıyıq və həyata qarşı inamlı olmalıyıq. Bu halda adaptasiya problemi yaşamayacağıq”.

Səidə Vahid

AzNews.az