FHN əhaliyə müraciət edib

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!