• Toplum
  • 18 Dekabr 2020 19:54
  •  276

Xanlar Vəliyev BQXK nümayəndəliyinin rəhbəri ilə görüşdü

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb

Baş prokurorun müavini - Hərbi prokuror Xanlar Vəliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Ariane Bauer ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Xanlar Vəliyev Azərbaycan ilə BQXK arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi prosesində Komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Eyni zamanda, Xanlar Vəliyev Azərbaycanın hərbi qulluqçularının döyüşlərdə həlak olmuş erməni hərbçilərinin meyitləri, habelə qəbirləri üzərində təhqiredici hərəkətlər edilməsi faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işlərinin başlanması və hazırda istintaqın aparılması barədə məlumat verib.

Həmçinin hərbi prokuror döyüş əməliyyatlarında həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftar faktları ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən hüquqi təsir tədbirlərinin görülməsinin vacibliyini, açıq və ədalətli araşdırma aparılmaqla ictimaiyyətin məlumatlandırılmasının xüsusi əhəmiyyətini bildirməklə materialların Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim olunması üçün istənilən beynəlxalq təşkilata təqdim olunmasına hazır olduqlarını vurğulayıb.

Ariane Bauer hərbi münaqişə zamanı zərər yetirilmiş mülki əhaliyə Komitə tərəfindən müvafiq yardımların olunmasını və bu istiqamətdə işlərin davam etdiriləcəyini, eləcə də həlak olmuş şəxslərin, onların meyitlərinin və qalıqlarının identifikasiyasında kömək göstərə biləcəklərini diqqətə çatdırıb.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb.