Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək

ETSN xəbərdarlıq yayıb

Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

16:31

Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:

“Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.

Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.