• Toplum
  • 30 Noyabr 2022 10:12
  •  11 302

Atasının xoşbəxt etmədiyi bir qızı bütün dünya gəlsə xoşbəxt edə bilməz - PSİXOLOQ

Ailələrdə valideynlərin övladlarla münasibətləri xüsusi diqqət və həssaslıq tələb edir. Böyüməkdə olan övladın gələcək həyatındakı yaşantılar, onun mənəvi-emosional durumu demək olar ki, formalaşdığı ailə ortamının müxtəlif təsirindən qaynaqlanır. Gənc oğlan və qızların həyat və taleyini bir növ valideynlərindən əxz etdikləri şəkilləndirir.

Psixoloq Dilbər Bəhmənli valideyin-övlad münasibətləri ilə bağlı AzNews.az müxbirinin suallarını cavablandırarkən "atasının xoşbəxt etmədiyi bir qızı bütün dünya gəlsə xoşbəxt edə bilməz. Anasının xoşbəxt etmədiyi bir kişini də, həmçinin. Bilinməyən bir boşluq hissləri qalır hər şeyin ən gözəlini də yaşasalar", - deyib.

Psixoloqun bildirdiyinə görə, bəzən valideynlər öz aralarındakı xöşagəlməz problemlərlə formalaşmaqda olan uşaqlarını yükləyirlər ki, bu yolverilməzdir. "Atalar, analar içinizdəki illərlə yığılıb qalmış nifrətlərinizi qusmaq üçün uşaqlarınızı seçməyin. Uşaqlarınızın sizə ehtiyacı var. Onların hansısa kişinin və ya xanımın sevgisinə yox məhz sizin sevginizə ehtiyacı var"

Daha sonra psixoloq Dilbər Bəhmənli qeyd edib: "Atalar (analar) qızınıza (oğlunuza) sarılın, öpün, xoş sözlər deyin, qayğısına qalın. Varlığınızı o qədər dərin hiss etsinlər ki, kiminsə sevgisinə ehtiyacları olmasın. Desinlər ki, atam (anam) məni dünyalar qədər sevir. Mən onsuz da xoşbəxtəm, mən atamın (anamın) şahzadəsiyəm (şahıyam)".

Nuray