• Toplum
  • 8 Dekabr 2023 11:36
  •  3 003

Bakıda 46 nömrəli avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.

AzNews.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun keçiriləcək.

Sənədlər 6 yanvar 2024-cü il saat 17:00-a qədər Agentlkndə (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək. Qurum iştirakçılardan sənədlərini təqdim edərkən yanvar ayında bayram günlərini nəzərə almalarını xahiş edib. Təkliflərə yanvarın 23-də baxılacaq.

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.