• Toplum
  • 14 İyun 15:01
  •  4 380

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Aznews.az xəbər verir ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu Öndərimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Artıq dörd ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qarşılayırıq. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Xalqımız əmindir ki, regionun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkənin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik Prezidenti var.

Tədbirdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, eləcə də “Heydər Əliyev – Azərbaycan”, “Heydər Əliyev – Mən fəxr edirəm ki, azərbaycanlıyam” videoçarxları nümayiş etdirilib.

Videoçarxlarda son bir ildə Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin tapşırığı ilə rəqəmsallaşdırılan Naxçıvan Dövlət Film Fondunun arxivində mühafizə edilən, eləcə də Naxçıvan televiziyasının arxivində qorunub saxlanılan Ümummilli Liderin heç yerdə olmayan, unikal kadrları yer alıb.

Bədii hissə ilə davam edən tədbirdə Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov görkəmli dövlət xadiminə həsr olunmuş və onun sevdiyi şeirləri bədii qiraət edib.

Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında “Heydər xalqım deyəcək”, “Məşəl kimi yanan ürək”, “Canım qurban, Azərbaycan”, “Azərbaycan sənsən mənim” mahnıları səsləndirilib, rəqs kollektivlərinin çıxışları izlənilib.

image description image description image description image description image description