• Toplum
  • 29 Noyabr 10:42
  •  2 914

“Ukrayna dairəsi”ndə güclü tıxac - AÇIQLAMA

Bir neçə gündür paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə günün müxtəlif saatlarında, xüsusilə gecələr güclü tıxac müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar yolun hərəkət hissələrinin daralması nəqliyyatın hərəkətini çətinləşdirib.

Sürücülər bildirir ki, dairədə hərəkətin tənzimlənməsi ilə bağlı edilmiş dəyişikliklər burada xaos yaradıb. Bir çox mütəxəssislər isə “Ukrayna dairəsi”ndə hərəkətin işıqforlarla tənzimlənməli olduğunu qeyd edir.

Bununla yanaşı, dairənin ləğv olunaraq hissələrə bölünməsi və birbaşa hərəkəti təmin edən dəyişikliklərin edilməsi də təklif olunur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Ukrayna dairəsi”nin turbo tipli dairəyə transformasiya ediləcəyi barədə məlumat yayaraq, ediləcək yeniliklərin görüntülərini yayıb.

Hazırda AYNA-nın sifarişi ilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görülür.

Agentlikdən saytımıza bildirilib ki, yenidənqurma işlərinin dekabrın sonunadək başa çatdırılması planlaşdırılır.

AzNews.az