• Toplum
  • 3 İyun 09:50
  •  2 140

Ortastatistik məzun təhsil proqramının 37-77%-ni mənimsəmir

Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 23-63 faizini mənimsəyir.

Bu barədə 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 56.26, riyaziyyatdan 32.22, ingilis dilindən 42.58%-na, II mərhələdə ana dilindən 50.62, ədəbiyyatdan 42.40, riyaziyyatdan 30.18, fizikadan 34.57, kimyadan 27.67, biologiyadan 49.92, tarixdən 32.52, informatikadan 33.89, coğrafiyadan 24,98%-inə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə 1 mərhələdə ana dili fənnindən test tapşırıqlarının 63.40, riyaziyyatdan 35.14, ingilis dilindən 58.26%-nə, II mərhələdə ana dilindən 51.44, ədəbiyyatdan 44.72, riyaziyyatdan 30.71, fizikadan 32.13, kimyadan 26.27, biologiyadan 44.09, tarixdən 27.42, informatikadan 34.04, coğrafiyadan 22.52%-ni düzgün cavablandırıb.

Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 23-63 faizinə düzgün cavab verib.

Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 37-77%-ni mənimsəmir.

Dövlət İmtahan Mərkəzi hesab edir ki, bu, ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.

AzNews.az