Yunanıstanın baş naziri Türkiyəni hədələdi - "Əgər bu strategiya davam edərsə..."

Maliyyə tədbirləri və sanksiyalar ola bilər

Yunanıstanın baş naziri Aleksis Çipras Şərqi Aralıq dənizində təbii qaz axtarışı davam edərsə, Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcəklərini deyib.

AzNews.az xəbər verir ki, o, “Alpha” xəbər agentliyinə müsahibə verərkən bunları bildirib:

“Əgər bu strategiya davam edərsə, maliyyə tədbirləri və sanksiyalar ola bilər. Bunlara davam etmək yerinə Türkiyə beynəlxalq hüquqa və razılaşmalara hörmət etməli, dialoq masasına oturmalıdır”.

Avropa Birliyinin xarici münasibətlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini də “Euronews” telekanalının müxbirinin sualına “Türkiyəni Kiprin suverenlik haqlarına hörmət etməyə çağırırıq” cavabını verib.

“Türkiyə Avropa Birliyinə uyğun şəkildə cavab verməli və Kiprlə mübarizədə hər cür qanundan kənar tətbiqdən qaçmalıdır”. Mogherini belə deyib.

Xatırladaq ki, türk səlahiyyətlilər may ayının əvvəlində qazma işlərinə başlayacaqlarını, işlərin sentyabr ayına qədər davam edəcəyini bildirib.

Pərvanə Ağazadə

AzNews.az