Qalib Salahzadənin obyektləri sökülür

Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

Faktı Teleqraf-a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

"Obyektlər Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.

Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.

AzNews.az