“Qərbin sanksiyaları İranı Çinə daha da yaxınlaşdırıb” – Elçin Mirzəbəyli

"ABŞ və Qərbin İrana qarşı uzun illərdir davam edən sanksiya siyasəti paradoksal olsa da Tehranın manevr imkanlarını tam məhdudlaşdırmaq əvəzinə onu alternativ mərkəzlərə, ilk növbədə Çin və qismən Rusiyaya doğru istiqamətləndirib. Xüsusilə son illərdə Vaşinqtonun həm Pekinə, həm də Tehrana qarşı paralel təzyiq strategiyası iki ölkəni bir-birinə daha da yaxınlaşdıran obyektiv şərtlər yaradıb. Bu yaxınlaşma artıq sırf iqtisadi müstəvidə deyil, açıq şəkildə siyasi, hərbi-texniki və kəşfiyyat əməkdaşlığı səviyyəsinə keçməkdədir. Müşahidə olunan proses təkcə İran–Çin münasibətlərinin inkişafı deyil, daha geniş mənada Yaxın Şərqdə çoxqütblü geosiyasi arxitekturanın formalaşması ilə bağlıdır. Çin niyə İrana bu qədər önəm verir? Çin üçün İran üç strateji səbəbə görə əhəmiyyətlidir. Birincisi, enerji təhlükəsizliyi məsələsidir. Çin dünyada ən böyük enerji istehlakçılarından biridir və Fars körfəzi onun enerji marşrutlarının əsas mənbəyidir. İran isə zəngin neft və qaz ehtiyatları ilə yanaşı, sanksiyalara baxmayaraq, Çin üçün münasib şərtlərlə enerji tədarük edə bilən azsaylı ölkələrdəndir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, ABŞ və Qərbin İrana qarşı artan təzyiqləri şəraitində Tehranla Pekin arasında siyasi və hərbi yaxınlaşma daha aydın hiss olunur. Çin bu çərçivədə İranla hərbi-texniki əməkdaşlığı genişləndirir, silah satışı, PUA texnologiyaları, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə hərbi təlimlər istiqamətində fəallığını artırır. Sözügedən əməkdaşlıq Pekinin Yaxın Şərqdə təsir imkanlarını genişləndirmək və ABŞ-nin regiondakı manevr sahəsini məhdudlaşdırmaq məqsədlərinə xidmət edir. İran üçün isə bu tərəfdaşlıq sanksiyalar fonunda hərbi potensialın qorunması və gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Pekin üçün Tehran təkcə enerji tərəfdaşı deyil, eyni zamanda mühüm logistik dayaq nöqtəsidir.

"Daha mühümü, ABŞ-nin Yaxın Şərqdə təsir imkanlarını zəiflətmək strategiyasıdır. Çin açıq qarşıdurmadan qaçsa da, geosiyasi rəqabətdə Vaşinqtonun zəif nöqtələrinə daxil olmağa üstünlük verir. Son illərdə Çin və İran arasında hərbi-texniki əlaqələr nəzərəçarpacaq dərəcədə intensivləşib. Bu əməkdaşlıq aşağıdakı istiqamətlərdə özünü göstərir: PUA və raket texnologiyaları üzrə bilik mübadiləsi, elektron müharibə və kəşfiyyat sistemləri, birgə hərbi təlimlər (xüsusilə dəniz təhlükəsizliyi sahəsində), müdafiə sənayesi üzrə texnoloji dəstək və s. İran üçün bu əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Çünki sanksiyalar səbəbilə Qərb texnologiyalarından məhrum olan Tehran hərbi modernizasiyanı məhz Çin və qismən Rusiya xətti ilə həyata keçirməyə çalışır. Çin isə İranı regionda ABŞ-nin hərbi üstünlüyünə qarşı “asimmetrik balans aləti” kimi görür. Çin İranı öz təsiri altına sala bilərmi? Bu sualın cavabı birmənalı deyil. Çin klassik təsir modeli tətbiq etmir. Pekin daha çox iqtisadi asılılıq, texnoloji inteqrasiya və siyasi koordinasiya vasitəsilə uzunmüddətli təsir qurur. İranın iqtisadiyyatı sanksiyalar səbəbilə getdikcə daha çox Çindən asılı vəziyyətə düşür. Enerji satışının əsas istiqaməti Çin olur, infrastruktur layihələri Çin kapitalı ilə reallaşır, texnologiya transferi Pekindən asılıdır. Bu proses davam edərsə, İran formal olaraq suveren qalsa da, strateji qərarlarında Çin faktorunu nəzərə almadan hərəkət edə bilməyən dövlətə çevrilə bilər. Yəni söhbət birbaşa nəzarətdən yox, struktur asılılıqdan gedir. Lakin Tehran heç vaxt özünü Pekinin geosiyasi satellitinə çevirməyə razı olmayacaq. Buna görə də Çin İran üzərində tam təsir deyil, dərin strateji nüfuz əldə edə bilər. ABŞ buna razı olarmı?ABŞ üçün Çinin İranda möhkəmlənməsi son dərəcə arzuolunmaz ssenaridir. Çünki bu, eyni vaxtda üç strateji nəticə yaradır: ABŞ-nin Yaxın Şərqdə hərbi manevr üstünlüyü azalır, sanksiya siyasətinin effektivliyi zəifləyir, Çin ilk dəfə olaraq regionda təhlükəsizlik arxitekturasının iştirakçısına çevrilir. Vaşinqtonun dilemma qarşısında qalması məhz buradan qaynaqlanır. ABŞ İrana təzyiqi artırdıqca, Tehran daha çox Pekinə yaxınlaşır. Təzyiqi azaltsa, İran daha sərbəst hərəkət edə bilər. Bu səbəbdən ABŞ yaxın perspektivdə İrana qarşı siyasətini iki istiqamətdə dəyişə bilər: Ya İranla məhdud yumşalma və diplomatik kanalların bərpası yolu ilə Pekinin təsirini balanslaşdırmağa çalışacaq, ya da Çin–İran xəttini sanksiyalar və regional ittifaqlar (İsrail, Körfəz ölkələri) vasitəsilə bloklamağa cəhd edəcək. Çin artıq Yaxın Şərqdə yalnız iqtisadi aktor deyil. İran vasitəsilə Pekin regionun təhlükəsizlik və hərbi balansına dolayı təsir imkanları əldə edir. İran üçün Çin həyati nəfəs borusudur. Çin üçün isə İran ABŞ-yə qarşı geosiyasi rıçaqdır. Bu qarşılıqlı maraq münasibətləri dərinləşdirir və göstərir ki, proses müvəqqəti deyil, strateji xarakter daşıyır. Çin İranı tam nəzarət altına ala bilməz, lakin onu dərin geosiyasi və iqtisadi asılılıq müstəvisinə sala bilər. ABŞ isə Çinin İranda möhkəmlənməsinə razı deyil, lakin hazırkı sanksiya siyasəti paradoksal olaraq məhz bu prosesi sürətləndirir. ABŞ-nin bu prosesi dəyişmək üçün ciddi geosiyasi alətləri var, lakin bunlar klassik təzyiq mexanizmləri deyil. Ən effektiv ssenari paradoksal görünsə də, ABŞ-nin İranla nəzarətli yumşalma siyasətinə keçməsidir. Vaşinqton Tehranla məhdud razılaşmalar (nüvə proqramı, regional təhlükəsizlik, sanksiyaların qismən yumşaldılması) əldə edərsə Çin İran üzərində eksklüziv tərəfdaş statusunu itirə bilər. Tarix göstərir ki, Tehran heç vaxt tək güc mərkəzinə bağlanmaq istəmir. ABŞ bu psixoloji və siyasi xüsusiyyətdən istifadə edə bilər. İsrail–ərəb yaxınlaşması platformasını ABŞ bu gücləndirərək İranın regional manevr imkanlarını məhdudlaşdıra və Çinin İran vasitəsilə regiona daxil olmasının effektivliyini azalda bilər. Çin–İran əməkdaşlığının əsas komponenti texnologiyadır. ABŞ Çin şirkətlərinə qarşı texnoloji sanksiyaları sərtləşdirərək Pekinin bu sahədə Tehranla əməkdaşlığını bahalı və riskli edə bilər. ABŞ bu geosiyasi reallığı yalnız təzyiqi artırmaqla dəyişə bilməz. Əksinə, bu, İranı daha sürətlə Çinə yaxınlaşdıracaq. Dəyişiklik yalnız hibrid təzyiq elementləri, diplomatik manevr, regional balans, enerji siyasəti və texnoloji məhdudiyyətlərin kombinasiyası ilə mümkündür. Başqa sözlə, ABŞ-nin bu prosesi dəyişmək üçün əsas aləti hərbi güc deyil, strateji elastiklikdir. Hazırda Vaşinqtonun bu istiqamətdə, ilk baxışda sərt görünsə də elastik siyasətinin elementlərini görmək mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az