- Rusiya və İran
- 3 Fevral 23:14
- 2 291
Tehran Türkiyəyə qarşı çıxdı: Danışıqlar üçün İstanbuldan imtina etdi
İran-ABŞ gərginliyi fonunda diplomatik proses yeni mərhələyə qədəm qoyur. Tərəflər arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqların yeri və formatı ətrafında ciddi fikir ayrılığı yaranıb.
Məlumata görə, Tehran ABŞ ilə nəzərdə tutulan görüşün İstanbulda deyil, Omanda keçirilməsini və danışıqların yalnız ikitərəfli formatda aparılmasını tələb edib. İran tərəfi prosesdə ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakına da qarşı çıxır. Bu yanaşma Tehranın danışıqlarda üçüncü tərəflərin təsir imkanlarını minimuma endirmək niyyətini açıq şəkildə ortaya qoyur.
ABŞ mətbuatı bildirir ki, ilkin planda görüşə bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi qatılması nəzərdə tutulsa da, İran bu formatı qəbuledilməz hesab edir. Rəsmi Vaşinqton isə mövqeyində israrlıdır və görüşlərin əvvəlcədən razılaşdırılmış plan üzrə keçiriləcəyini bəyan edib.
Diplomatik proseslə paralel olaraq regional təhlükəsizlik xətti də aktivləşib. ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailə səfəri və Baş nazir Benyamin Netanyahu ilə keçirdiyi görüş diqqət çəkir. Görüşdə İsrailin hərbi-siyasi rəhbərliyinin əsas fiqurlarının iştirakı Vaşinqton–Təl-Əviv koordinasiyasının İran məsələsində yüksək səviyyədə davam etdiyini göstərir.
Bütün bu proseslər fonunda İran-ABŞ danışıqlarının harada və hansı formatda baş tutacağı yalnız diplomatik məsələ deyil, eyni zamanda regionun strateji balansına birbaşa təsir edəcək faktor kimi qiymətləndirilir.
AzNews.az