ÜST Pfizer və BioNTech-in istifadəsini ay sonunadək təsdiqləyə bilər

Bunu təşkilatın baş direktorunun müavini Mariancela Simao deyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cari ilin sonuna qədər ABŞ-ın Pfizer, Almaniyanın BioNTech şirkətləri tərəfindən hazırlanmış koronavirus peyvəndinin istifadəsini təsdiqləyə bilər.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktorunun müavini Mariancela Simao deyib.

“Vaksin fövqəladə hallarda mümkün istifadə üçün bu aydan etibarən siyahıya əlavə oluna bilər”, - deyə Simao bildirib.

Təşkilatın əməkdaşı Sumya Svaminatan da öz növbəsində COVAX mexanizmi əsasında bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəllərində başlaya biləcəyini qeyd edib.

Qeyd edək ki, COVAX mexanizmi potensialın yaradılması və mərkəzləşdirilmiş satınalmanı dəstəkləyən bir mexanizmdir. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr vaksinlərin alınması üçün pul ödəyir və bununla da bu sahədəki maliyyələşdirilən dövlətlərə subsidiya verirlər. Planlara görə, mexanizm çərçivəsində 2021-ci ilin sonuna qədər 2 milyard doza peyvənd istehsal edilərək dünyaya bərabər paylanmalıdır.