Hindistanda meşə mağarasında yaşayan rus qadın və iki azyaşlı qızı aşkarlanıb

Hindistan polisi Karnataka ştatının Uttara Kannada rayonunun Qokarna qəsəbəsində patrul xidməti zamanı meşəlik ərazidə mağarada yaşayan Rusiya vətəndaşı Nina Kutinanı və onun 6 və 4 yaşlı iki azyaşlı qızını aşkarlayıb.

Aznews.az Hindistan mediasına istinadla xəbər verir ki, Nina Kutina bir neçə il əvvəl biznes vizası ilə Hindistana gəlib və hinduizmə marağı səbəbindən övladları ilə birlikdə ibadət məqsədilə meşədə yerləşən mağarada yaşamağa qərar verib.

Polisin açıqlamasında qeyd olunub ki, qadın və uşaqların təcrid olunmuş və sərt şəraitdə – məhdud ərzaq və su ehtiyatları ilə sağ qalması heyrət doğurur.

Araşdırma zamanı məlum olub ki, rusiyalı qadının vizasının müddəti 2018-ci ildə bitib və o, həmin vaxtdan Hindistanda qanunsuz şəkildə yaşayır. Hazırda Kutina və uşaqları müvəqqəti sığınacağa yerləşdirilib və onların deportasiyası ilə bağlı hüquqi prosedurlar başladılıb.

Aznews.az