Venesuelanın keçmiş prezidenti həbsdən xalqa müraciət edib

ABŞ-ın 3 yanvarda Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılıb.

ABŞ-da məhkəmə prosesi davam edən Maduro aylar sonra yeni açıqlama ilə gündəmə gəlib.

Nyu-York həbsxanasında saxlanılan Maduro Pentikost bayramı münasibətilə ABŞ mərkəzli X sosial şəbəkə hesabında paylaşım edib.

MÜDRİKLİK VƏ TƏVAZÖKARLIQ ÇAĞIRIŞI

Maduro paylaşımında Venesuela xalqını və bütün dünyanı həyat yoldaşı Siliya Flores ilə birlikdə iman, sevgi və minnətdarlıq hissi ilə qucaqladığını bildirib.

İncildən sitatlar gətirən Maduro venesuelalılara müdriklik və təvazökarlıq çağırışı edib.

Onun paylaşımı Latın Amerikası mediasında “siyasi legitimliyini qoruma cəhdi” kimi qiymətləndirilib.

LATIN AMERİKASI MEDİASININ ŞƏRHİ

Latın Amerikası mediasında yayılan xəbərlərdə Maduronun “iman, barışıq və birlik” mövzularını ön plana çıxarması və paylaşımın sonunda istifadə etdiyi “Konstitusion Prezident” imzası diqqət çəkib.

Şərhlərdə qeyd olunub ki, Maduro Nyu-Yorkda həbsdə olsa da, bu mesajlarla ölkədə siyasi legitimliyini və liderlik iddiasını qorumağa çalışır.

Bundan əlavə, Maduronun son dövrlərdə dini məzmunlu paylaşımlarının artması onun tərəfdarlarına mənəvi dayaq vermək və siyasi mövqeyini canlı saxlamaq strategiyası kimi qiymətləndirilib.

Analitiklər həmçinin Maduronun əvvəlki sərt inqilabi ritorikadan fərqli olaraq “sülh, barışıq və təvazökarlıq” ifadələrindən istifadə etməsini diqqətəlayiq dəyişiklik hesab ediblər.

Bəzi Latın Amerikası media qurumları isə bu yumşaq və dini tonun gələcəkdə mümkün siyasi razılaşma, ekstradisiya və ya əfv prosesi üçün diplomatik zəmin yaratmaq cəhdi ola biləcəyini irəli sürüb.

Mövsüm,

AzNews.az