Paşinyana məhz mühafizəçilərin sırasında yer verilməsinin xüsusi bir anlamı var. Paşinyana məhz mühafizəçilərin sırasında yer verilməsinin xüsusi bir anlamı var.

Ermənistan təkcə KTMT-də yox, həm də MDB-də təklənir - Elçin Mirzəbəyli

Paşinyana məhz mühafizəçilərin sırasında yer verilməsinin xüsusi bir anlamı var.

Son zamanlar Ermənistan istisna olmaqla Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyinin şahidi oluruq. Bu amil özünü həm ikitərəfli, həm də müxtəlif iqtisadi əməkdaşlıq formatları çərçivəsində - çoxtərəfli münasibətlərdə büruzə verir. Azərbaycanın təkcə regional deyil, daha geniş bir ərazidə - subregional və kontinental geosiyasi, geoiqtisadi proseslərdə fəal rol alması, dövlətlərarası və beynəlxalq münasibətlərdə öhdəliklərinə sadiq qalması, sabit, dayanıqlı və təhlükəsiz inkişaf yolu seçən, qütblərarası manipulyasiyaya yol verməyən, yalnız özünün milli maraqlarından çıxış edən bir dövlət kimi nüfuz qazanması ölkəmizin MDB çərçivəsindəki mövqelərini də kifayət qədər möhkəmləndirib. Bu baxımdan, Rusiya, Belarus və Qazaxıstan kimi nüfuzlu dövlətlərin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa can atması təsadüfi deyil. Hesab edirəm ki, Azərbaycan Prezidentinin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakına və Zirvə görüşü çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısına münasibətdə nümayiş etdirilən yüksək ehtirama və hörmətə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Zirvə görüşü çərçivəsində MDB dövlət və hökumət başçıları Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletini də izləyiblər. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin yanında sağda əyləşmişdi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana isə mühafizəçilərin arasında yer ayrılmışdı. Bu, şübhəsiz ki, ilk növbədə, siyasi tablodur, daha dəqiq desək, siyasi münasibətləri əks etdirən bir mənzərədir. Bu, Ermənistana və onun rəhbərinə layiq olduğu yerin göstərildiyini nümayiş etdirir. Azərbaycanın uzun illər boyu təmkinli və sabit davranışları nəticəsində artıq MDB çərçivəsində də “daşlar yerinə oturur”. Ermənistan isə təkcə daim istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yox, həm də MDB-də təklənir və tərəfdaşlarına olan münasibətləri nəticəsində qazandığı yerə - küncə atılır. Nikol Paşinyana məhz mühafizəçilərin sırasında yer verilməsinin xüsusi bir anlamı var. Düşünürəm ki, bu təsadüfi yanaşma deyil, proseslərin bundan sonrakı inkişafının anonsunu verən bir münasibətdir.

Siyasi ekspert vurğulayıb ki, bu münasibətin formalaşmasında rol oynayan başlıca amil Azərbaycan Prezidentinin yürütdüyü siyasətdir. Zirvə görüşündə nəzərəçarpan məqamlar, sadəcə, Ermənistanın ikiüzlü, dayanıqsız, riyakar, qeyri-səmimi davranışları nəticəsində ortaya çıxan mənzərə deyil, həm də Azərbaycan Prezidentinin strateji dünyagörüşü və gərgin əməyi nəticəsində oturuşmuş geosiyasi mövqeyinin dəyərləndirilməsidir.

AzNews.az