“Bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəyir” - Fazil Mustafa

"Bu cür dərəbəylik ancaq bizdə mövcuddur"

“Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dekabrın 18-də Milli Məclisin iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunarkən yeni inşa edilənn mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin özbaşına qiymətləndirilməsi məsələsindən danışarkən deyib.

Deputat qeyd edib ki, yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq, binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir:

“İstədiyi məbləğdə qarajlara qiymət qoyur, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər. Halbuki bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəymiş olur. Şəhər ərazisinin hər kateqoriyası üzrə Tarif Şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər. Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır, əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanların hərəkəti məhdudlaşır, istirahət etmə imkanları yox edilir. Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil. Halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər. On illərlə bina təhvil verilməyəcək deyə, vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur. Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur”.

Bahar RÜSTƏMLİ
AzNews.az