"İnsanlar yol hərəkəti qaydalarına əməl etmirlər" "İnsanlar yol hərəkəti qaydalarına əməl etmirlər"

"Piyada o hərəkətlə daha böyük fəsadlar yaradır" - Ekspert rəyi

"İnsanlar yol hərəkəti qaydalarına əməl etmirlər"

Son zamanlar piyadaların vurulması halları adət halını alıb. Bu hadisədə günhakar piyada, yoxsa sürücüdür?

Məsələ ilə bağlı ekspert Elməddin Muradlı AzNews.az-a açıqlama verib. O, bildirib ki, burada təkcə sürücüləri günahlandırmaq düzgün deyil. Çünki əksər piyadalar yolu düzgün keçmir, keçidlərdən istifadə etmir.

“Piyadaların vurulması son illər həqiqətən də kritik həddə çatıb. Hətta ümumi yol hadisələrinin son illərə nisbətinə nəzər salsaq 55-60 faiz, bəzən də 70 faizə yaxınını piyadaların vurulma halları təşkil edir. Biz “Yol Hərəkəti Təhlükəsizliyinin təmin edilməsinə dair” Dövlət Proqramına nəzər salsaq, 2002-2007-ci illərin ümumi statistikası orada əks olunub. Orada belə bir məsələ öz əksini tapır ki, yol nəqliyyat hadisələrində 5000 nəfərə qədər insan ölüb. Onların da 40 faizi piyadadır. Bu da çox ağır bir vəziyyəti əks etdirən rəqəmdir. Yəni ümumi qəzaların ən üstdə duranı piyadaların vurulmasıdır.

Burada təkcə sürücüləri günahlandırmaq düzgün deyil. Çünki əksər piyadalar yolu düzgün keçmir, keçidlərdən istifadə etmirlər. Hətta valideynlər belə, uşaqları ilə yol keçərkən onların həyatını düşünmür, həyatlarını təhlükəyə atırlar. Bu da ağır nəticələr verməkdədir. Ümumiyyətlə, piyada mədəniyyəti, yol hərəkətlərinə əməl etmək səviyyəsi çox aşağıdır. İnsanlar yol hərəkəti qaydalarına əməl etmir, ona görə də fəsadları çox ağır olur. Yol keçərkən sağa-sola baxmağa belə, tənbəllik edir, qulaqlıqlardan istifadə edərək yolu keçmək istəyirlər. Əsasən onlar təhlükə yaradırlar.

Bütün bunlar maarifləndirmə, təbliğat işinin zəif aparılmasından, ümumən yollara nəzarətin tam aparılmamasından irəli gəlir.

Orta məktəblərin əraziləri hələ də tam araşdırılmayıb. Yol nişanları quraşdırılmayıb. Aidiyyatı qurumlar, deyək ki, ildə bir dəfə dərs mövsümü başlayanda ərazilərə baxırlar, bir-iki xətt çəkirlər, bir neçə nişan quraşdırırlar, köhnəni yeniləyirlər, vəssəlam. Bununla da həmin illik işi bitmiş bilirlər.

Düzdür, əvvəlki illərə nisbətən təbliğat, maarifləndirmə işi nisbətən yaxşıdır, irəliləyiş var. Mən şəxsən bu tədbirlərdə iştirak edirəm və görürəm insanlar arasında, elə müəllimlərin, valideynlərin özündən çox uşaqların yol hərəkəti qaydalarını öyrənməyə həvəsi var. Dövlət proqramında ümumitəhsil məktəblərində yol hərəkəti qaydalarının tədris proqramına salınması təklifi öz əksini tapır. Yol hərəkəti qaydalarını bilmək vacibdir. Çünki bu bizim həyat tərzimizdir. Buna görə də yol hərəkət qaydaları erkən yaşlardan öyrənilməlidir. Əks halda bu faciələr çoxalacaq. Nədən çoxalır? Çünki nəqliyyat vasitələrinin sayı artıb, hərəkət intensivliyi artıb, həm də insanların yol hərəkət qaydalarına biganəliyi artıb.

Düşünürəm ki,yol, nəqliyyat hadisələri ilə bağlı istintaq orqanları, tədqiqat orqanları da hadisələrə obyektiv yanaşma nümayiş etdirməlidirlər. Günahsız insanlar həbs olunmamalıdır, yol, nəqliyyat hadisəsi baş verirsə, burada birmənalı olaraq bir tərəf günahkar sayıla bilməz. Hər iki tərəfin günahı var. Deyək ki, hansısa piyada qəzaya səbəb olub və qəzada ölüb. Amma günahkar da odur. Hansı istintaq orqanı gedib onun ailəsindən, yaxınlarından sürücüyə vurduğu zərərin, yaxud maşında olan digər xəsarət almış şəxsin sağlamığı üçün təzminat istəyib, iddia qaldırıb? Bilirsiniz, bir var mənəvi dəyərlər, bir də var hüquq dəyərləri. Bunların arasında çox böyük fərq olsa da birini digərindən ayırmaq düzgün deyil. Hüquq və vəzifələrdən danışırıqsa, nə üçün sürücü işıqforun qırmızı işığından keçəndə 60 manat,3 bal, amma eyni əməli piyada edəndə 20 manat cərimə edilir

Amma onu da qeyd edim ki, piyada etdiyi həmin hərəkət ilə daha böyük fəsadlar yaradır. Ona görə də cəza mexanizmi adekvat olmalıdır. Digər tərəfdən də heç kim cəzasız qalmamalıdır. Necə ki, sürücülər kameralar vasitəsilə araşdırılır, eləcə də eyni əməli törədən piyadalar da araşdırılmalıdır. Bununla da müəyyən bir dönüş yaranmış olur. Piyadaların da haqlı şikayəti, etirazı var. İndiyə kimi qanunda da bu, öz əksini tapıb. Belə ki, hər 300, 800 metrdən bir şəhər içində piyada keçidləri olmalıdır. Hətta magistral yollarda belə. Bu keçidləri tikmək lazımdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əvvəllər demək olar ki, ildə 3-5 yüngül konstruksiyalı keçid tikib təhvil verirdi. Amma təəssüflər olsun son bir ildə mən bunu görmürəm”.

Səidə Nurməmmədli
AzNews.az