"Bu, Nikol Paşınyanın siyasətçi kimi iflası idi"

"Ermənistan rəhbərliyi təkcə region ölkələrinin deyil, regionda iqtisadi, siyasi və təhlükəsizlik çıxarları olan kənar güclərin maraqlarına da təhlükədir"

"Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən bəri Münhendə keçirilən illik konfransdır. 1992-ci ilə qədər bu platforma Ümumdünya Hərbi İşlər Konfransı adlanırdı. 1993-ci ildən konfrans “Təhlükəsizlik Siyasəti Məsələləri” adlandırıldı. 1998-ci ildən Almaniya dövlətinin potranajlığı ilə “Dialoq yolu ilə barışıq” devizi altında keçirilən konfrans məhz 2008-ci ildən Münhen Təhlükəsizlik Konfransı kimi adlandırıldı".

Bunları AzNews.az-a açıqlamasında Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva deyib.

"İlk 30 ildə konfrans iştirakçıları NATO dövlətlərinin hərbi və siyasi rəhbərləri, politoloqlar və media nümayəndələri idi. 1990-cı illərdən sonra Rusiya, 1995-ci ildən sonra isə Şərqi Avropanın digər ölkələri, Çin, Hindistan və Yaponiyanın nümayəndələrinin iştiraki ilə keçirilən bir qlobal təhlükəsizlik platformasıdır. Platformanın məqsədi dünyada sülhün təmin edilməsində beynəlxalq əməkdaşlığın inkişafı, münaqişələrin qeyri-hərbi həlli yollarının axtarılmasıdır.

56-cı Münhen Təhlükəsizlik Konfrası 35 dövlət və hökumət başçısı, 80 xarici işlər və müdafiə naziri olmaqla 500-ə yaxın siyasətçi, təhlükəsizlik və media ekspertlərinın iştirakı ilə başladı", - deyə Y. Hacıyeva əlavə edib.

O bildirib ki, 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı panel müzakirələrdə elə ilk dəqiqələrdən beynəlxalq hüquq və tarixi faktlara əsaslanan Azərbaycan Prezidentinin mövqeyi qarşısında Ermənistan tərəfi Dağlıq Qarabağ konflikti ilə bağlı beynəlxalq hüquqdan kənar mövqeyini daha çox yalanlar və uydurma tarixi faktlarla ifadə etməyə çalışdı.

"56-cı Münhen Təhlükəsizlik Konfrasında ölkə rəhbərləri səviyyəsində Ermənistan Azərbaycan Dağlıq Qarabağ Konfliktin müzakirəsi konfransın iştirakçıları - 35 dövlət və hökumət başçısı, 80 xarici işlər və müdafiə naziri olmaqla 500-ə yaxın siyasətçi, təhlükəsizlik və media ekspertləri digər iştirakçılara Azərbaycan cəmiyyətinin bildiyi və illərdir haqlı iddia etdiyi bir neçə mühüm məqamı sübüt etdi.
Konfliktin həlli istiqamətində daim arqumentlərini hüquq və ya siyasi hadisələrə bağlı məqamlara deyil, özlərinin uydurduqları sərsəmləmələr əsasında formalaşdıran səriştəsiz Ermənistan rəhbərliyi təkcə region ölkələrinin deyil, regionda iqtisadi, siyasi və təhlükəsizlik çıxarları olan kənar güclərin maraqlarına da təhlükədir".

Ekspert vurğulayıb ki, beynəlxalq hüquq və tarixdən məlumatlı Azərbaycan Prezidentinin Ermənistan Baş nazirinin öz mövqeyini yalan tarixi məlumatlar üzərində qurulmuş arqumentlərlə möhkəmləndirməsi cəhdini ifşa etməsi təkcə Ermənistan Baş nazirinin deyil, Ermənistan xarici siyasətinin iflası idi: "Bunu həm də Nikol Paşınyanın siyasətçi kimi, onun idarəçiliyində Ermənistan dövlətinin xarici siyasətinin iflası da adlandıra bilərik".

Y. Hacıyeva qeyd edib ki, uzun illər dünya birliyi qlobal anlamda sülhün əldə olunmasını liberal demokratiyanın, insan haqlarının, bazar iqtisadiyyatı, beynəlxalq əməkdaşlığı və s. kimi məqamların inkşafının nəticəsi kimi görünürdü. Ancaq son illər dünyanın dəyişən siyasi reallığında belə dəyərlərin əhəmiyyəti qəbul olunsa da, soyuq müharibə bitdikdən sonra dünya bəlkə ilk dəfədir ki, sülhün və inkişafın əldə olunması üçün daha çox “güc və nüfuz faktorunun tətbiqi” doğruluğu və reallığı ilə üz-üzədir.

Y. Hacıyeva 56-cı Münhen Təhlükəsizlik Konfrasında Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində beynəlxalq nizamlayıcı səylərin nəticəsiz qaldığı halda öz dövlətinin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpasının hərbi yoldan başqa çıxış yolunun olmaması zərurəti haqqında fikrinin də məhz bu reallığa söykəndiyini bildirib.

Ekspert 56-cı Münhen Təhlükəsizlik Konfrasında rəqəmsal təhlükəsizlik panellərində müzakirələrdən meydana çıxan daha bir nəticə ilə bağlı danışarkən son illər sosial media və internet resurslarının tətbiqi, təbliği ilə siyasi lider mifinə bürünən, yetişdirilən simaların uzun müddətli hesabda təkcə lokal dövlətlərin deyil, regional və qlobal güclərin də maraqlarına hədə olması reallığının mövcud olduğunu deyib.

"Sosial media üzərindən öz ölkəsində inqilabların siması olmuş və siyasi lideri səviyyəsinə qalxmış Nikol Paşınyan özü buna bir nümunədir", - deyə Y. Hacıyeva vurğulayıb.

Pərvanə