- Redaktor masası
- 00:37
- 2 471
Vahid İran modeli tənəzzülə uğrayıb - ŞƏRH
İran savaşı Azərbaycan dövlətinə istənilən "X" situasiyasında milli və strateji maraqlarımızın əleyhinə çıxa biləcək ictimai-siyasi fiqurların əksər hissəsini ifşa etdi. Biz tarixdə ilk dəfə yeni dünya nizamının formalaşmasına qalib xalq və dövlət kimi qoşulmuşuq. Üç nəhəng imperiyanın- İran, Rusiya, Osmanlı- caynaqları arasında qurduğumuz Azərbaycan dövləti yeni düzəndə Cənubi Qafqazın lider respublikasından Yaxın və Orta Şərqin oyunqurucu dövlətinə çevrilmək potensialına malikdir. Təsəvvür edin, passionar və sekulyar bir xalq olaraq biz azərbaycanlılar nələr qazanmarıq 400-500 min kv. km-i əhatə edəcək dövlətimizlə yeni dünyada?
Güney Azərbaycan məsələsini aktuallığını və perspektivini şübhə altına alan yanaşmalar çoxalır. Aralarında səmimi və müzakirəyə açıq mövqelər də var. Hər kəsi qaralamaq fikrində deyiləm. Amma əsasən ideyanı "vuranlar"ın hərəsi bir səmtin aksenti ilə danışır. Bunu da aydın görürük. Kor deyilik! Yekun rəyləri də o olur ki, sən demə vahid İran daha sərfəli imiş.
Odur ki, bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm.
1. İranda türk mənşəli və tarixən türk mənşəli xalqlarla iç-içə yaşamış qardaş irandilli xalqların toplam sayı farslardan azdır. Bunun da səbəbi farsların sayını artırmaq üçün bir neçə onilliklər ərzində İranda aparılmış ailə planlama siyasətidir. Fərz edək ki, çox deyil, bərabərdirlər, yaxud bir qədər azdırlar. Modernləşmə prosesi yarımçıq qalsa da, İranın digər xalqlarından bu baxımdan öndə olan farsları tabe etdirmək mümkün deyil. Realist olmaq istəyənlər, realist olmağa buradan başlamalıdırlar.
2. Vaxtilə türklərin İranı idarə eləməsi müasir milli dövlətlər çağında heç bir ciddi əhəmiyyəti qalmayan tarixi faktdır. Bu dünyada Osmanlı, Rusiya, Britaniya, Fransa, Avstrya-Macarıstan, SSRİ və digər imperiyalar necə parçalanıbsa, İranı da eyni aqibət gözləyəcək. Bir tərəfdən realist olmağa çağırırlar, bir tərəfdən də orta əsrləri diriltmək istəyirlər. Absurd! İrəli baxın, cənablar, irəli!
3. Deyirlər ki, niyə 1,6 milyon kv.km-la yox, onun təxminən 1/3 hissəsi ilə kifayətlənək? Sual verirlər ki, bəs Azərbaycan ərazisindən kənardakı digər türkmənşəli xalqların taleyi necə olacaq? Bizləri maksimalizmdə qınayanların maksimalizmə necə yuvarlandığına diqqət edirsinizmi? Cavabım: a) Dövlət üçün etnik, mədəni, siyasi təmərküzləşməyə malik ərazi lazımdır. Təmərküzləşdiyimiz ərazidən nə aza qane olarıq, nə çoxa iddia edərik. b) İran coğrafiyası nə bütün türkmənşəli, nə də bütün ari mənşəli xalqları eyni layihəyə salmağa imkan vermir. Həm Güney Azərbaycan, həm də Persiya multikultural ölkə olmağa məhkumdur.
4. Arximedin məşhur sözü yadınızdadır, istinad nöqtəsi ilə bağlı. Bizim istinad nöqtəmiz xalqların öz müqəddəratını təyin etmə haqqıdır. Güney Azərbaycan xalqı məhz bu hüquqla hərəkət edəcək. Bütöv Azərbaycan idealına qarşı qoyulan vahid İran modelinin isə istinad nöqtəsi sadəcə olaraq yoxdur. İran Güney Azərbaycan xalqı üçün hazırda legitim dövlət deyil. 1979/80 Təbriz üsyanları teokratik rejim quran referendumun nəticələrinin saxtalaşdırılmasına qarşı baş verib. Legitim olmayan bir dövlətin ərazi bütövlüyü hüququ da yoxdur. Ayrıca, ərazi bütövlüyü dövlətlərarası məsələdir, xalqlararası yox. Xalqlar öz iradəsinə əsaslamağa tam haqlıdır.
5. İran kontekstində əsas problem "model"dir. Türkmənşəli xanədanların iqtidarda farslaşması, "Ağ inqilab" və klerikal rejimin təcrübəsi onu göstərir ki, Güney Azərbaycanın İranın heç bir modeli içərisində azadlığı, rifahı və tərəqqisi yoxdur. Data suverenliyi anlayışının genişləndiyi bir dövrdə Güney Azərbaycanın milli suverenliyə sahib olmaması onları assimilyasiyaya uğradacaq. Bir çoxlarının anlamaq istəmədiyi reallıq budur ki, Təbriz Tehran üçün periferiya kimi qala bilməz. Səbəbləri çoxdur, zaman-zaman açıqlamışam, davam edərəm. Amma yekun nəticə budur: Qalarsa, o artıq Təbriz deyil!
Taleh ŞAHSUVARLI