Macərapərəstlik şüarı, yoxsa xalq həmişə haqlıdır?

Mayın 25-də ABŞ polisinin afroamerikalı Corc Floydu qətlə yetirməsi təkcə Birləşmiş Ştatlarda deyil, Kanadada və Böyük Britaniyada da ciddi etiraz dalğası yaradıb, yüz minlərlə insan “Qaradərililərin həyatı qiymətlidir” (“Black Lives Matter”) şüarları ilə küçələrə axışıb. ABŞ-da, Böyük Britaniyada, Fransada, Yaponiyada bu gün də etirazlar davam edir.

Vətəndaş etirazları, maliyyə böhranı, sosial gərginlik artıq dünyanən ən güclü iqtisadiyyatına sahib ABŞ-ın həyatının ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkələr Birləşmiş Ştatlarda baş verənləri gerilikçilik, demokratik azadlıqların olmaması, hətta hakimiyyətin despotizmi kimi dəyərləndirir.

Sözsüz, bu ABŞ-dakı ilk kütləvi etiraz deyil. İndiyə qədər ölkədə miqyasına, mahiyyətinə görə saysız-hesabsız etirazlar baş verib. Ancaq elə ölkələr var ki, səbəbi nə olursa-olsun, bu etirazları “ABŞ dağılır”, “bizim cəmiyyət Ştatlardan çox-çox sağlamdır” absurd iddiasını irəli sürür, başqa bir tərəfdən də, məsələn Rusiyada, 2020-ci il iyulun 1-də Konstitusiyasına xalqları dövlət yaradan və digər xalqlara bölən düzəlişlər etməyə hazırlaşır, az qala Allahlıq iddiasına düşür.

Bu gün “ABŞ dağılır” iddialarının yüksəkdən səslənməsinə baxmayaraq, tarix göstərir ki, vətəndaş cəmiyyətinin etirazları dövlətlərin hərəkətverici və təkmilləşdiriçi qüvvəsidir və demokratik prinsiplərə əsaslanan ölkələrdə hakimiyyətin bütün qolları cəmiyyətin tələbləri üzrə özünü yenidən tənzimləyir.

2011-ci ilin sentyabrında ABŞ-ı sosial bərabərsizlik və maliyyə fırıldaqlarına etiraz olaraq Occupy Wall Street şüarları ilə mitinqlər bürümüşdü. Bu gün ölkənin dağıldığını iddia edənlər onda da ABŞ-ı “tezliklə dağıtmışdılar”. Hətta bunu ölkə tarixində ilk dəfə afroamerikalı Barak Obamanın prezident seçilməsi ilə əlaqələndirənlər də var idi. Amma həmin etirazlar ABŞ-ı çökdürmədi, əksinə, həm Birləşmiş Ştatlar, həm də bir çox digər ölkə qanunvericiliklərinə maliyyə institutlarının, bankların fəaliyyətinin tənzimlənməsi, transmilli şirkətlərə vergi siyasəti ilə bağlı önəmli dəyişikliklər etdilər. Təəccüblü olsa da, vurğulamalıyıq ki, Ocuppy Wall Street-in əsas ideyalarından biri banklara qiymətli kağızlarla əməliyyatların qadağan edilməsini Çin də tətbiq etdi. ABŞ Konqresində isə qanun layihəsi yetərli səs ala bilmədi… və bu gün Çin dünyanın ən etibarlı bank sistemlərindən birinə sahibdir.

2011-ci ilin təcrübəsini nəzərə alaraq söyləyə bilərik ki, davam edən etirazlar bütün ştatlarda polis haqqında qanunlara düzəlişlərə gətirib çıxaracaq. Federal səviyyədə qərarlar qəbul ediləcəyi də istisna deyil. ABŞ-da federal polis, bizim anlamımızda Daxili İşlər Nazirliyi olmasa da əsas yük baş prokurorluq səhahiyyətlərini də həyata keçirən Ədliyyə Nazirliyinin üzərinə düşür. Son bilgilərə görə, artıq polislərin yol verdiyi qanun pozuntularının qarşısının federal səviyyədə alınması üçün aktiv fəaliyyətə başlanıb.

ABŞ demokratiyasının prinsipləri öz köklərini XVII əsrdə elə bu cür kütləvi etirazlar nəticəsində əldə edilən xalqların suverenliyi prinsipindən alır.
Britaniyanın siyasi mütəfəkkiri, filosofu, Britaniya inqilabının birbaşa iştirakçısı, cəmiyyət və vətəndaş arasında ictimai müqavilə nəzəriyyəsinin banisi, Con Lokk (1632-1704) “Dövlət idarəetməsi haqqında iki traktat” adlı əsərində xalqların suverenlik hüququnu önə sürərək bildirir ki, xalqların suverenlik hüququ onların yaratdıqları dövlətlərin suverenlik hüququndan üstündür, buna görə də xalqların despotizmə və tiranlığa qarşı müqavimət hüququ tanınmalıdır. Üzərindən 330 il keçəndən sonra dünya dövlətlərinin düzənini müşahidə etmək bu böyük dəhanın nə qədər doğru hədəflər göstərdiyini anlamaq üçün yetərlidir.

Con Lokkun konstitusiya hüququ ilə bağlı ideyaları Tomas Cefersonun müəllifliyində ABŞ-ın İstiqlal Bəyannaməsində əks olunub: “… Ancaq uzunmüddətli azğınlıq və zillət xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı qiyam yolu ilə devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur”.

ABŞ-da hakimiyyət hər zaman vətəndaşların etiraz hüququna sayğı ilə yanaşır. Hətta etirazın səbəbləri ilə bağlı ciddi mübahisələr olduqda belə… Hakimiyyət hər zaman ictimai fikrə güzəştə gedir, çünki xalqın suverenliyi onun seçdiyi hakimiyyətin suverenliyindən hər zaman üstün sayılır. ABŞ cəmiyyəti etirazlara o qədər öyrəşib ki, hər yürüşdə, hər kütləvi etirazda qəhrəmanlar olduğu kimi, vitrinləri sındıran marjinallara da rast gəlinir. Qəhrəmanlar və marjinallar eynilə polisin sıralarında da var. Məsələn, iyunun 14-də Atlanta polisinin rəisi Erika Şilds polis nəfəri polisin elektroşok cihazını götürüb qaçan vətəndaşa qarşı odlu silah işlətdiyi üçün istefa verib. Polisin bu hadisədə odlu silah işlətməsi, mənim fikrimcə qanuni idi.

Rəis xanım başqa cür də davrana bilərdi – məsələn, özünü biabır etmiş polislərə dəstək üçün üçüncü sort müğənnilərin konsertini təşkil edərdi, ya da telekanallara vətəndaşların vətəndaşa güllə atan polisə minnəatdarlıq etdiyi 100 məktub göndərərdi. Amma o, fərqli yol seçdi – vətəndaşın Atlanta polisinə etimadını qorumaq üçün vəzifəsindən getdi.

Sözsüz, Şilds oxşar hekayələrin tək qəhrəmanı deyil. Ötən həftə Microsoft, Amazon, IBM-in birinci şəxsləri açıqlama verdilər ki, polis tərəfindən ayrıseçkiliyə son qoyanlar qərarlar qəbul edilməyənə qədər vətəndaşların surətlərinin aşkarlanması məsələsində polislə əməkdaşlıq etməyəcəklər. Apple-in rəhbəri Tim Kuk isə bildirdi ki, irqi ayrıseçkiliklə mübarizəyə 100 milyon ayırır. POLITICO dərgisi Vaşinqtondan hazırlanan reportajında yazır ki, paytaxtda asayişin qorunmasına cəlb edilən ABŞ Milli Qvardiyası etirazçılara olduqca anlayışlı yanaşır. ABŞ cəmiyyətində baş verənlərin təhlili onu deməyə əsas verir ki, bu etirazlardan ABŞ daha güclü çıxacaq və çünki bütün bunların əsasında sadəcə Erika Şildsin, Tim Kukun hərəkətləri deyil, ABŞ vətəndaşlarına hüquq və bərabərlik tanınan tarix dayanır.

Birləşmiş Ştatların tarixində vətəndaş bərabərliyinin necə yüksək səviyyədə qorunmasına ən parlaq misallardan biri Ali Məhkəmənin 1971-ci il martın 8-də “Qriqqs Dük Paue Co-ya qarşı” (Griggs v. Duke Power Co., 401 U.S.424 1971) kampaniyasına qarşı” işi üzrə çıxardığı qərarıdır. 1964-cü ildə Vətəndaş Hüquqları Aktı – Civil Rights Act (CRA 1964) qəbul edilənə qədər şirkət vətəndaşların işə götürülməsi zamanı açıq şəkildə irqi ayrıseçkiliyə yol verirdi. Aktın qəbulundan sonra isə şirkət cinayət məsuliyyətinə cəlb edilmək təhlükəsi ilə bu addımdan nisbətən geri çəkilməyə başladı. Açıq diskriminasiya yerini işə qəbul zamanı qaradərililərə orta məktəbi bitirmək haqqında şəhadətnamə və qrammatika üzrə test tələbi qoyulmasına verdi.

Bu, qaradərililəri ağdərililərlə müqayisədə çətin duruma salırdı. Çünki hələ o illərdə təhsil sistemində qaradərililərə qarşı ayrıseçkilik qalırdı və onların oxuduğu məktəblərdə təhsil səviyyəsi aşağı olduğundan çoxları məktəb şəhadətnaməsi ala bilmirdi. Bu haqda iddiaya baxan ABŞ Ali Məhkəməsi Duke Power Co.-nun tələbini diskriminasiyanın bir növü elan etdi. Ancaq ayrıseçkilik birbaşa yox, dolayısı ilə olduğundan Ali Məhkəmə müdhiş bir addım atdı. Hakim Uorren Bergerin imzaladı qərarda yazılırdı ki, testlər vakansiya tələbləri, eyni zamanda karyerada irəliləmədə durnanın və tülkünün qarşısına eyni qabda yemək qoyulması misalındakı kimi “bərabərliyi” təmin edə bilməz. Qanunlar yemək olan qabın hər kəs üçün əlverişli olmasını tələb edir. Qanun yalnız açıq diskriminasiyanı qadağan etmir, eyni zamanda formaca ədalətli görünsə belə reallıqda diskriminasiya səbəb olan praktikanı da qadağan edir.

Azərbaycan vətəndaşları üçün belə işəgötürmə prinsipini anlamaq çətin deyil. İllərlə dövlət qulluğuna imtahan verib 2 bal üçün kəsilənlər olduğu halda, yüksək vəzifəli məmurların yaxın çevrəsindəki savadı bəzən gülünc doğuran insanların xaricdən sıradan bir əşya kimi pulla alıb gətirdikləri dinləyici sertifikatı ilə yüksək vəzifələrə oturdulduğunu görməyən qalıbmı? Çox təəssüf, Azərbaycanın hüquq sistemi yetərincə gəlişmədiyindən biz hələ bu diskriminasiyanı Ali Məhkəmədə təsbit etdirə bilmirik.

ABŞ-da polisin odlu silahdan tez-tez istifadəsi ölkədə demək olar, hər kəsə 1791-ci ildə Konstitusiyaya edilən əlavə odlu silaha sahib olmaq hüququ verilməsindən irəli gəlir. Ölkə Konstitusiyası eyni zamanda hər hansı bir ştata vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul edilməsini də ABŞ Konstitusiyasının XIV əlavəsi ilə qadağan edir. Yəni odlu silah daşıma hüququnu hər hansı bir federal və ya ştat qanunları ilə məhdudlaşdırmaq mümkün deyil. Konstitusiyaya dəyişikliklər isə 38 ştatın razılığı ilə baş verə bilər ki, bu da onilliklər deməkdir. Ona görə də ABŞ hakimiyyətinin 50 il, 100 il öncə olduğu kimi vətəndaş etirazlarını nəzərə almaması mümkün deyil. Düşünürəm ki, ən yaxın gələcəkdə ABŞ-da yerli polis idarələrinin rəisləri seçkili bir vəzifə olacaq, dairə prokurorları olduğu kimi. Federal hakimiyyət isə polisin demokratik reformunu stimullaşdıracaq, ABŞ prezidentinin 16 iyun 2020 tarixli fərmanı buna bir misaldır. Ali Məhkəmə isə ölkədə hüquq və azadlıqların əsas qarantlarından biridir. Əbəs yerə ədalətli mühakimə ABŞ Konstitusiyasının preambulasında ABŞ-ın yaranma məqsədi kimi göstərilməyib…

Avtandil Məmmədov,
enerji və hərbi texniki məsələlər üzrə ekspert