1990-cı illərlə bu gün arasında çox ciddi fərqlər var 1990-cı illərlə bu gün arasında çox ciddi fərqlər var

Dünənki təxribat barədə

1990-cı illərlə bu gün arasında çox ciddi fərqlər var

Əziz dostlar,

Tovuz döyüşlərində qəhrəman ordumuzun göstərdiyi misilsiz rəşadət hər birimizin iftixar qaynağı oldu. Bu döyüşlərdə bir xalq olaraq mütəşəkkilliyimiz, dövlətə və Ali Baş Komandana tam dəstək verməyimiz məkrli düşmənin bir sıra planlarını tamamilə alt-üst itdi. Düşmənimiz son dərəcə hiyləgərdir. Məruz qaldığı çoxsayda itkiləri gizlətməyə çalışmaları ondan irəli gəlirdi ki, Azərbaycan hərbiçlərinin və mülki vətəndaşlarının həlak olması qarşısında cəmiyyətimizdə panika yaransın, hakimiyyət əleyhinə çağrışlar güclənsin və Baş qərargahımızın başı şişsin, çevik qərarlar verə bilməyək. Bu məqsədlə düşmən bütün resurslarını işə salmış, öz təxribatını genişlətmək üçün gözünü Azərbaycanın içinə dikmişdi.

Ötən əsrin sonlarında torpaqlarımızı bu cür üsullarla işğal edən Ermənistanın ümidi yenə də içimizdəki provakatorlar, müxtəlif xarici qüvvələrə işləyən "5-ci kolon"lar, xaricdən idarə olunan media qurumları idi. Milli ordumuz düşmən qarşısında qətiyyətlə dayandığı kimi, digər güc strukturlarımız da bu məsələdə prinsipial mövqe tutdu. İlk provakasiyalardan birinin icraçısını - Rəhim Qazıyevi içəri atdılar. Ancaq bir tək Rəhim deyildi. Tovuzdan döyüş xəbərləri gələr-gəlməz Ermənistan kəşfiyyatının analitik qruplarının hazırladığı, erməni mediasında geniş tirajlanan rəyləri az qala cümləbəcümlə Azərbaycan ictimai rəyinə ötürən şəxslər vardı. Bu şəxslər heç də feyk profillər deyildi, bütün ölkənin tanıdığı, hərbi xidmətdən rəsmən boyun qaçıran fərarilər, siyasi məişət pozğunları idilər. Xaricdən məqsədli şəkildə, daxildən isə bəziləri qəsdən, bəziləri isə küyə gedərək vətənpərvərlik duyğularının ən yüksək olduğu bir məqamda Azərbaycan ordusunun rəhbərliyinə, Təhlükəsizlik Şurasının üzvlərinə qarşı təbliğat aparır, bəzən daha da irəli gedərək şəhid düşmüş generalımızın koordinatlarının düşmənə ötürüldüyünü iddia edirdilər. "Əsgərlərimizi arxadan vururlar" tezisi 1990-cı illərdə ermənilərin ideoloji diversiya qruplarının ən çox istifadə etdiyi fəndlərdən idi. Nəticəsi məlumdur. Yenə eyni məkri işlətmək, ordumuza qarşı cəmiyyətdə güvənsizlik yaratmaq istəyirdilər. Mən DTX rəisi, çox hörmətli Əli Nağıyevə təkcə peşəkarlığına və vəzifəsinə görə deyil, sırf bir insan olaraq şəxsiyyətinə, vətənpərvərliyinə sayğı və inam bəsləyirəm. Eyni səbəbdən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız yuxarıda sadaladığım epizodları diqqətdə saxlayacaq və lazimi tədbirləri görəcək.

Dünən spontan şəkildə orduya dəstək və şəhidlərimizin xatirəsinə ehtiram yürüşü keçirildi. Bu yürüşün baş tutması, yerindəcə qarşısının alınmaması onu göstərir ki, hakimiyyət xalqın səsinin duyulmasında maraqlı idi və bundan milli maraqlarımızı müdafiəsində istifadə edəcəkdi. Dünən YAP gənclərinin FB səhifəsindən aksiyaya dəstək verilməsi, TŞ-nın katibi Ramil Usubovun xalqın arasına çıxması də bunun əyani sübutudur. Lakin ilk anlardan bəri mən bu yürüşdən narahat idim, bu narahatçılığımı hətta bəzi həmkarlarımla da bölüşdüm, baş redaktor olaraq əməkdaşlarımıza tapşırıq verdim ki, rəsmi məlumat xaricində aksiya barədə heç bir məlumat verməsinlər. Üstəlik, diqqət etdinizsə, dünən özüm də bu barədə heç bir status yazmadım, münasibət bildirmədim. Yalnızca son nəfəsimə qədər Ali Baş Komandanın yanında olacağımı, prezident İlham Əliyevi müdafiə edəcəyimi bildirdim. Bu mesajımın bir istiqaməti də aksiya çərçivəsində baş verəcək kimi görünən təxribatlar qarşısanda ifadə edəcəyim vətəndaş mövqeyini əhatə edirdi. Bəli, mən dünən gecə hadisələrin təxribatla sonlana biləcəyini bir analitik olaraq istisna etmirdim. Səbəblərini deyim.

1) Təxminən bir ay öncə maşınla hərəkət edərkən radioda fərq etdim ki, İran milli efir məkanımıza girib. Hər dəfə bu cür müdaxilədən bir müddət sonra ölkəmizdə hansısa təxribatlar baş verir.

2) Dünən şəhərdə bir neçə yerdə bayraqla bəzədilmiş maşınlar görmüşdüm. Sürücülərinin xarici görünüşü onların Qasım Süleymanini bu millətə qəhrəman kimi sırımaq istəyən tiplər olmasından xəbər verirdi. İlk daxili reaksiyam belə oldu: "Deyəsən axşama nə isə hazırlayırlar".

3) Tovuz döyüşlərinin başlanğıcında Azərbaycan hakimiyyətini "düşmənlə razılaşdırılmış savaş" aparmaqda ittiham edənlər birdən-birə "hərbi vətənpər" olmuşdular. Aksiya davamlı olsaydı, biz onları bu gün tribunada görəcəkdik.

4) Meydan.TV və digər eyni məzmunlu KİV-ləri izlədikcə belə təəssürat yaranırdı ki, hadisələrin millətin və dövlətin lehinə inkişafı onları narahat edir və sanki başqa bir olay gözləyirlər.

5) Böyük bir kütlə küçələrə axışıbsa, milli iradə sərgilənirsə, bu iradə hakimiyyətə də müəyyən avantajlar verir, hətta döyüşləri Qarabağa çəkmək üçün zəmin yaradırsa, bu, düşmənlərimizin arzularına əsla uyğun deyil. Deməli, prosesi başqa istiqamətə yönəldəcəkdilər.

6) Hər bir aksiyanın bir məntiqi hərəkət zolağı olmalıdır. Çox sayda insan küçəyə çıxıbsa, "Azadlıq" meydanında cəmləşibsə, Milli Məclisinə qarşısına getməyə nə ehtiyac var? MM-in yaxınlığında Müdafiə nazirliyi, Az.TV, bir qədər aşağıda isə PA yerləşir. Kütlənin ora yönləndirilməsi dövlət adına risk yaradırdı. Heç bir hakimiyyət özü üçün belə bir risk yaratmaq istəməyəcəyinə görə, deməli, kütləyə nəzarət başqa qüvvələrin əlində idi. Nə çoxdur ölkədə "Tahir Zəngilan"...

7) 1990-cı illərlə bu gün arasında çox ciddi fərqlər var. O zaman dövlət, ordu, pul, milli hakimiyyət yox idi, indi hamısı var. Döyüşü, savaşı ordu aparır, rəhbərlik əmr-komanda zəncirində idarə edir. Səfərbərlik olarsa, dövlət elan edər, kişi kimi gedərik. Ancaq diqqət etdinizsə, səfərbərliklə bağlı feyk məlumatlar yayıldı, hətta müvafiq qurum bunu təkzib etməli oldu. O, məlumatlar da "axşama hazırlıq" idi.

Yekun olaraq, mən bir vətəndaş olaraq müvafiq qurumlardan dövlətimizə, xalqımıza, ərazi bütövlüyümüzə içdən təhdid olan bu ünsürlərin kökünü qazımalarını xahiş və tələb edirəm.

Taleh ŞAHŞUVARLI

AzNews.az saytının Baş redaktoru