Politoloq ATƏT-in yeni sədrinin Qarabağ açıqlamasından əndişələnməməyi tövsiyə edir Politoloq ATƏT-in yeni sədrinin Qarabağ açıqlamasından əndişələnməməyi tövsiyə edir

Politoloq: “Minsk Qrupunu dirildə bilməyəcəklər”

Politoloq ATƏT-in yeni sədrinin Qarabağ açıqlamasından əndişələnməməyi tövsiyə edir

ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT məkanındakı münaqişələrlə bağlı deyib: “Münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün mühüm prioritetdir.

Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi, münaqişələrin həll edilmədiyi zaman meydana çıxan riskləri açıq şəkildə ortaya qoydu. Dağlıq Qarabağ münaqişəsi hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər. Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik”.

Göründüyü kimi, yeni sədr də Minsk Qrupunu diriltmək niyyətindədir. Halbuki ATƏT-in Qarabağ məsələsinə ən yaxşı töhfəsi əl-ayağa dolaşmamaq və Minsk Qrupunu birdəfəlik ləğv etmək ola bilər. ATƏT sədrinin dediyinin açması nədir? ATƏT bizdən nə istəyir?

Elxan Şahinoğlu:

Politoloq Elxan Şahinoğlu bildirdi ki, adətən bu təşkilata yeni təyin olunan sədr hər zaman eyni sözləri deyir: “Hər dəfə deyirlər ki, biz çalışacağıq sədrliyimiz müddətində ATƏT üzvü olan ölkələrin ərazisindəki münaqişələri həll edək. Yəni bu, yeni bir yanaşma deyil. Ona görə də bu cür fikirlərə çox fikir və əhəmiyyət vermək lazım deyil. Azərbaycan Qarabağ məsələsini böyük ölçüdə artıq özü həll edib. Status məsələsi də bizi maraqlandırmır. Ona görə də ATƏT sədrinin kim olması, nə deməsi bizim üçün artıq elə də maraqlı deyil. Minsk Qrupunu isə dirildə bilməyəcəklər. Sadəcə, uzaq başı yenə də həmsədrlərin turistik səfərləri olacaq. ATƏT bizdən Minsk Qrupundan imtina etməməyimizi istəyir. Biz əslində Minsk Qrupundan imtina da etmirik. Gəlsinlər-getsinlər, bunun onsuz da mənası yoxdur.

Biz Minsk Qrupundan rəsmi imtina etsək, böyük dövlətlərin təzyiqi ilə üzləşərik. Diqqət etdinizsə, hətta Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iki gün öncə dedi ki, lazım gələrsə Minsk Qrupu yenə də rol oynaya bilər. Doğru strategiyadır. Onsuz da Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin faydasız olduğunu bilirik. Amma imtina da etmirik ki, böyük dövlətlərin təzyiqləri ilə üzləşməyək. Çünki onlar oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Qoy oyunda olsunlar, gəlsinlər-getsinlər. Müharibəyə qədərki dövrdə onların turistik səfərləri bizi narahat edirdi ki, nəticə yoxdur. İndiki vəziyyətdə isə onların bu səfərləri nəticəsiz qalacaq və bu Ermənistanı narahat edəcək. Bizim üçün artıq əhəmiyyəti yoxdur".

E.Şahinoğlu vurğuladı ki, istər Azərbaycan tərəfi, istər Çavuşoğlu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayıblar: “Minsk Qrupu tənqidlərdən nəticə çıxarmadı. Ərdoğan son açıqlamasında onu da xatırladıb ki, Minsk Qrupunun 30 ildə uzatdığı problem Türkiyənin dəstəyi ilə 44 günə həll edildi. Buna baxmayaraq, Ankara və hələlik Bakı Minsk Qrupu formatından imtina edilməsini də lazım bilmir. Doğru yanaşmadır. Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk Qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur. Ancaq dediyim ki, indi bu formatdan imtina da doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik. Böyük güclər simvolik də olsa rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək” (musavat.com)

AzNews.az