Turan Rzayev: “Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır” Turan Rzayev: “Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır”

“Bakı bu sazişlə növbəti strateji addımını atdı” - Politoloq

Turan Rzayev: “Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır”

Politoloq Turan Rzayev AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirir ki, Sergey Lavrovun Azərbaycana səfəri bir çox baxımdan diqqət çəksə də, ən vacib məqam 24 iyunda iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması oldu.

“Bu sazişin imzalanmasındakı əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması və iki ölkə arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsidir. Hesab edirəm ki, belə bir sazişə ehtiyac var idi. Xüsusilə iki ölkənin son zamanlar informasiya sahəsində yaşadığı gərginlik məlumdur. Misal üçün, bir müddət öncə ölkəmizdə Rusiyanın dövlət informasiya agentliyi - "RİA Novosti"nin girişi bloklanıb. Buna səbəb isə özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi olub. Bundan başqa Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın bir müddət öncə sərgilədiyi anti-Azərbaycan mövqeyi “Sputnik Azərbaycan”nın ölkədəki fəaliyyətini şübhə altına salmışdı. Rusiyaya gəldikdə isə, bir müddət öncə "Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən “Oxu.az”, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişə blok qoyulub. Adları çəkilən saytlar Rusiya-Ukrayna müharibəsinə yanaşmada obyektiv mövqe tutduqları və işğala məruz qalanın yanında olduqları üçün bloklanmışdı”.

Turan Rzayev hesab edir ki, bütün bu və başqa səbəbləri nəzərə aldıqda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması iki ölkə arasında yaşanan informasiya sahəsindəki gərginliyi həm sonlandıra, həm də prosesləri tənzimləyə bilər.

“Çünki saziş özlüyündə bir sıra məqamları ehtiva edir. Zənnimcə, saziş həm də rəsmi Bakıya əlavə dividentlər qazandırır. Belə ki, saziş bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadəni nəzərdə tutan əməkdaşlıq çərçivəsidir”.

Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə, də müharibə Ermənistan və Rusiyanın bəzi dairələri tərəfindən informasiya məkanına transformasiya edilib.

“RİA Novosti"nin özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın müsahibəsi də bunu təsdiqləyir. Bu mənada imzalanan bu sazişlə əslində Rusiya bu və bu kimi hallar da daxil olmaqla, informasiya məkanında Bakıya qarşı bütün təhdidlərin qarşısının alınmasını öhdəsinə götürür. Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır. Bununla belə, rəsmi Bakı bu sazişlə növbəti strateji addımını atdı və Rusiya informasiya məkanından gələ biləcək mümkün təhdidləri bloklamış oldu”, - deyə politoq əlavə edib.

Şəbnəm Zahir