HƏMAS Qəzzada atəşkəs üçün irəli sürdüyü təkliflə nəyi nəzərdə tutur?

Məlum olduğu kimi HƏMAS-la İsrail arasında atəşkəs haqqında danışıqlar gedir. Vasitəçilər qarşı-qarşıya duran tərəflərdən ilkin razılıq əldə olunduğu barədə məlumatı təsdiqləyirlər. Amma ilkin razılaşma hələ də tam razılaşma kimi həyata keçmir. Bu arada HƏMAS-ın əsirlərin və fələstinli məhbusların azad edilməsini nəzərdə tutan üç mərhələli planı ortaya qoyması barədə xəbər verilib.

HƏMAS-ın “məqbul və real” adlandırdığı sülh planı, müharibəni bitirmək üçün yüksək səviyyəli diplomatik cəhdlərlə İsrail və ABŞ ilə danışıqlar aparan Qətər və Misir vasitəçilərinin keçən həftə göndərdiyi təkliflərə cavab olaraq təqdim edilib.

HƏMAS öz planında hər iki tərəfdən girov və məhbusların azad edilməsini nəzərdə tutan üç mərhələli atəşkəs prosesini təklif edib. Hər mərhələ plana uyğun olaraq 45 gün davam edəcəkdi.
İsrail hələki bu təkliflərə cavab verməyib, amma onun həyata keçə bilməsi ehtimalının mümükünlüyünü vurğulayırlar. Belə olarsa, İsrailin baş naziri Benyamin Netanyahu və yüksək səviyyəli İsrail rəsmilərin dəfələrlə bəyan etdikləri “HƏMAS məhv edilməyincə İsrail qoşunlarına geri çəkilməyəcək” fikrindən əl çəkməlidirlər.

HƏMAS-ın təklif etdiyi planın detalları

Birinci mərhələ:

İlk 45 gündə HƏMAS oktyabrın 7-də qrupun girov götürdüyü bütün israilli qadın əsirləri azad etməyi təklif edir. İsrail silahlı qüvvələrinə mənsub olmayan və hərbi xidmətə çağrılmayan 19 yaşından kiçik kişi əsirlər, yaşlılar və xəstələr azad olunur. Hələ də sağ olduğu bilinən 100-dən çox əsirdən neçəsinin bu kateqoriyalara uyğun olduğu bəlli deyil.

Bunun müqabilində Həmas İsraildən bütün qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, İsrail həbsxanalarında saxlanılan 1500 fələstinlini azad etməsini istəyir. 2023-cü ilin oktyabrına qədər İsraildə 33 uşaq və 170 qadın olmaqla 5200 fələstinli dəmir barmaqlıqlar arxasındadır.

Sərbəst buraxılacaq fələstinli məhbuslar arasında 500-ü hazırda ömürlük və müxtəlif müddətli həbs cəzalarına məhkum olunmuş insanlar olmalıdır.

Həmas həmçinin gündəlik olaraq ən azı 500 humanitar yardım və yanacaq daşıyan maşınların Qəzzaya buraxılmasını tələb edir. O, 60,000 müvəqqəti ev və 200,000 çadırla təmin edilməsini istəyib və şərt qoyub ki, Qəzzada məcburi köçkün olmuş fələstinlilərə qarşılıqlı müvəqqəti barışıq kontekstində heç bir maneə olmadan öz evlərinə sərbəst qayıtmağa icazə verilməlidir. HƏMAS evlər və çadırlar üçün maliyyənin haradan alınacağını dəqiqləşdirməyib.

Bundan əlavə, qrup Qəzza zolağına gedən bütün keçidlərin açılmasını və tibbi yardıma ehtiyacı olan Qəzzalı fələstinlilərin bu zolaqdan sərbəst şəkildə çıxmasını istəyir. Bu nöqtədə əlavə edir ki, “tam atəşkəs” tələbləri ətrafında danışıqlar başlaya bilər.

İkinci mərhələ:

Növbəti mərhələ də, 45 gün davam edəcək, Bu müddət ərzində HƏMAS bütün qalan kişi israilli əsirləri azad edəcəyini və bunun müqabilində İsrail qoşunlarının Qəzzanın bütün bölgələrindən geri çəkilməsini irəli sürür.
Bu nöqtədə Həmas tələb edir ki, Qəzzaya əlavə humanitar yardımın göndərilməsinə icazə verilməli, zədələnmiş infrastrukturun yenidən qurulmasına başlanmalıdır.
“Tam atəşkəs” və “sülh vəziyyətinə” qayıdış tələbləri haqqında danışıqlar növbəti mərhələyə başlamazdan əvvəl razılaşdırılmalıdır.

Üçüncü mərhələ:

Nəhayət, HƏMAS təklif edir ki, hər iki tərəf lazımi identifikasiya proseslərindən sonra bu mərhələdə cəsədləri və bədən qalıqlarını azad edilsin.

Birinci və ikinci mərhələdə razılaşdırılmış bütün humanitar tədbirlər də parallel olaraq davam etməlidir.
Təklifdə mövcud olan digər məsələlər.

HƏMAS irəli sürür ki, növbəti mərhələ başlamazdan əvvəl əvvəlki mərhələlərdə nəzərdə tutulan məsələlər tamamlanmalıdır.

Qrup həmçinin bildirir ki, İsrail üç il ərzində Qəzzada dağılmış evlərin, habelə ictimai obyektlərin və digər iqtisadi infrastrukturların tam bərpasına kömək etməlidir.

HƏMAS daha sonra israilli köçkünlərin Əl-Əqsa məscidinə hücumlarını dayandırmağı və məsciddəki vəziyyətin 2002-ci ildən əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. HƏMAS-ın hansı şərtləri nəzərdə tutduğu bəlli deyil.

Bununla belə, 2002-ci ildə İsrailin keçmiş baş naziri Ariel Şaronun Əl-Əqsa səfəri ilə başlanan ikinci İntifada və ya “üsyan” zamanı İsrail əsgərləri “Müdafiə Qalxanı” əməliyyatı çərçivəsində fələstinliləri sıxışdırıblar.

Həmas sözçüsü Məhəmməd Nazzal bildirib ki, qrup Qətər, Misir, ABŞ, Türkiyə və Rusiyanın razılaşmanın şərtlərinin düzgün yerinə yetirilməsini təmin etmək üçün “qarantor” kimi çıxış etməsini istəyir:

"Bu detallar arasında heç biri güzəştə gedə bilməz. İsrailin ölüm maşını dayandırılmalıdır. Biz İsrailin işğalçı qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasınə şahid olmaq istəyirik. Cavabımız realdır və tələblərimiz ağlabatandır.

İsrail HƏMAS-ın ortaya qoyduğu təkliflərə razı olacaqmı?

Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdə olub və İsrail liderlərini atəşkəsi qəbul etməyə razı salmağa çalışıb. Blinken müharibə başlayandan bəri bölgəyə beşinci səfərində Netanyahu, ordu rəisi Herzi Halevi, müdafiə naziri Yoav Gallant və İsrail prezidenti İsaak Hersoqla görüşüb. Bu görüşlərdən əldə edilən nəticələr barədə heç bir xəbər yoxdur.

Blinkenin proqramında Fələstin prezidenti Mahmud Abbasla da danışıqlar aparmaq var idi.

Əlimusa İbrahimov

Politoloq