Hikmət Babaoğlu: "Bu hadisə İran diplomatiyasının fiaskosu kimi yadda qaldı"

“İranın İsrailə etdiyi raket hücumları daha çox İranın daxili siyasətinə hesablanmış bir addım kimi qiymətləndirilməlidir. Çünki nəticə etibarilə İran bu addımı ilə bir növ daxili ictimai rəyi sakitləşdirməyə çalışırdı. Göstərirdi ki, İran ona qarşı edilən hərəkətləri cavabsız qoymur. Əslində isə xarici faktorlara gəldikdə aydın olur ki, hətta raket hücumundan saatlar bəlkə də bir neçə gün öncə əslində ABŞ bununla bağlı məlumatlandırılmışdı. Lakin artıq belə bir hücumun ediləcəyini İsrail çox əvvəlcədən bilirdi və hansı vasitələrdən, nə vaxt ediləcəyi haqqında da məlumatlı idi. Nəticə etibarilə ABŞ bu barədə məlumatlandırılırsa, elə ABŞ-ın İordaniyada yerləşən hərbi bazalar vasitəsilə də İran raketlərinin və pilotsuz uçuş aparatlarının bir hissəsi zərərsizləşdirildi. Buna görə bu bir növ əvvəlcədən ssenariləşdirilmiş dırnaqarası hücum idi. Daha çox daxili auditoriyanı razı salmaq üçün həyata keçirilən bir addım idi. Hücumdan dərhal sonra İranın artıq bu iş bitdi, biz bundan sonra hücum etməyəcəyik deyərək, konfliktin başa çatmasını bir növ elan etməsi onun göstəricisidir ki, bu əslində hücum deyildi. Ancaq məsələ ondadır ki, İranın İsrailə etdiyi raket hücumu İran hava qüvvələrinin nə qədər zəif olduğunu bir daha göstərmiş oldu. Bəlli oldu ki, təqribən 330-dan çox vasitə nəticə etibarilə bunların heç biri hədəfi vura bilmədi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, İran düşünüldüyü qədər və yaxud özünü təqdim etdiyi qədər də güc sahibi deyil.

“Çünki pilotsuz aparatların bir hissəsi hətta elektrik xətlərinə ilişərək, İraq, İordaniya üzərində qalmışdı. Hətta atılan raketlərin bir qismi elə öz ərazisinə düşmüşdü. Ona görə də bu, əlbəttə ki, ciddi mənada hücum hesab edilə bilməz. Bu, əvvəlcədən ssenariləşdirilmiş və İrandakı daxili narazılığı aradan götürmək üçün atılan bir addım idi. Ən paradoksal məsələ ondan ibarət idi ki, hücumdan əvvəl İran prezidenti açıqlama verdi ki, hər bir ölkənin başqa ölkədəki konsulluğu Vyana konvensiyasına görə həmin ölkənin ərazisi hesab olunur. Suriyada konsuluğa qarşı edilən hücum elə İrana edilən hücum idi. Düşünürəm, burada İran prezidentinə xatırlatmaq lazımdır ki, belə olan halda İrandakı Azərbaycan səfirliyinə hücum necə qiymətləndirilməlidir? Bu da əslində Azərbaycana hücum idi. Necə olur ki, bənzər hadisə hətta ikinci ölkədə baş verəndə İran bunu öz ərazisinə hücum kimi qəbul edir. Azərbaycanın səfirliyinə edilən hücumu isə İran başqa cür təqdim etməyə çalışır. Bax, məsələ bundan ibarətdir. Əgər belə olanda İranın İsrailə hücum təşkil etməsi onun məşru müdafiə hüququdursa, demək onda eyni addımı Azərbaycan da atmalı idi. Amma Azərbaycan bunu etmədi. Ona görə ki, Azərbaycan Azərbaycana əsla hücum etməz. Çünki İranda 30 milyondan çox azərbaycanlı soydaşlarımız yaşayır. Onlar İran vətəndaşlarıdır. Mən düşünürəm, baş vermiş hadisə həm İran Hərbi Hava Qüvvələrinin və ordusunun, həmçinin İran diplomatiyasının bir növ fiaskosu kimi yadda qaldı”.

Rəfiqə NAMAZƏLİYEVA