Diplomatik Jestdən Siyasi Mesaja: Bakıdan Moskvaya Açıq Mesaj

“9 May Qələbə Paradı Rusiya üçün hər zaman xüsusi önəm kəsb edib. Lakin Ukrayna müharibəsinin davam etdiyi bir dönəmdə bu tədbirin rəmzi-siyasi yükü daha da artmışdı. Rəsmi Kreml bu paraddan beynəlxalq təcridin uğursuzluğunu nümayiş etdirmək və müharibəyə baxmayaraq, Rusiya ilə həmrəylik göstərən dövlətlərin sayının hələ də çox olduğunu göstərmək üçün istifadə etməyə çalışırdı. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin də paradda iştirakı Rusiya üçün önəmli simvolik məna daşıyırdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçirilən Qələbə Paradında iştirak etmədi. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri tədbirə qatılmamışdılar. Ekspertlər bu qərarın səbəbləri arasında son aylarda Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlikləri qeyd edirlər.

Siyasi şərçi bildirib ki, buna baxmayaraq, İlham Əliyevin Moskvaya səfər etməməsi yalnız protokol xarakterli qərar deyil, həm də konkret siyasi mövqenin ifadəsi kimi dəyərləndirilməlidir.

“2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində raketlə vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmışdı. Təyyarənin vurulması ilə bağlı həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən yaradılan istintaq komissiyalarının hazırladığı hesabatlarda, eləcə də qara qutunun araşdırılması nəticəsində təyyarənin Rusiya hava məkanında raketlə vurulduğu təsdiq olunmuşdu. Gözlənti ondan ibarət idi ki, Moskva bu fakta hüquqi-siyasi qiymət verəcək, təqsirli şəxsləri cəzalandıracaq və rəsmi üzrxahlıq təqdim edəcək. Lakin zaman keçsə də, Rusiya bu istiqamətdə heç bir addım atmadı. Bu vəziyyət fonunda Prezident İlham Əliyevin 9 May paradına dəvəti də əvvəlki illərdən fərqli olaraq fərqli formatda həyata keçirildi. Rusiya Prezidenti Vladimir Putin bu dəfə təkbaşına dəvət etməkdən çəkinərək, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmonla birlikdə martın 15-də Azərbaycan Prezidentinə zəng edərək onu Moskvaya dəvət etdilər. Bu, eyni zamanda diplomatik etimadın tam bərpa olunmadığını və Putinin məsuliyyəti bölüşdürmək istədiyini göstərir. Sonrakı müddətdə isə Rusiya tərəfindən Azərbaycana qarşı münasibətlər daha da sərtləşdi. “Rus Evi”nin bağlanması ilə bağlı aparılan qarayaxma kampaniyası, Rusiya mətbuatında anti-Azərbaycan ritorikası, Azərbaycana qarşı yönəlmiş kiberhücumlar, miqrasiya məsələlərində Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən sərt tədbirlər, eləcə də Milli Məclisin deputatı Azər Badamovun Moskva hava limanında saxlanılaraq ölkəyə buraxılmaması bu münasibətlərin qəsdən pozulduğunu göstərdi”.

Siyasi şərhçi əlavə edib ki, ən diqqətçəkən məqam Rusiya tərəfindən təzyiq siyasətinin Ermənistanla münasibətlər fonunda qeyri-adekvat şəkildə aparılmasıdır:

“Kreml anti-Rusiya ritorikasını açıq şəkildə səsləndirən Ermənistanın davranışlarına qarşı səssiz qaldığı halda, Azərbaycan kimi neytral mövqe tutmağa çalışan ölkəyə qarşı təzyiq dilindən istifadə edir. Bütün bu kontekstdə Azərbaycan Prezidentinin 9 May paradına qatılmaması yalnız diplomatik jest deyil, prinsipial dövlət mövqeyinin ifadəsidir. Bu qərar, ölkənin milli maraqlarını və suverenliyini əsas götürən, həm də Rusiya ilə münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət tələb edən bir yanaşmanın göstəricisidir. İlham Əliyevin bu qərarı həm daxili ictimai rəyə, həm də beynəlxalq aləmə ciddi mesaj ötürür: Azərbaycan təzyiqlərə boyun əymir və öz milli maraqlarını müdafiə etməkdə qətiyyətlidir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az