Yaşıl bağlantılar: Bakı-Aİ enerji dialoqunda yeni mərhələ - ŞƏRH

Bakı enerji diplomatiyasının növbəti mərhələsinə ev sahibliyi etdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasları fonunda təşkil edilən “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan–Avropa İttifaqı dəyirmi masası artıq yeni mərhələnin konturlarını müəyyənləşdirir: qaz tərəfdaşlığından yaşıl enerji inteqrasiyasına keçid.

Bu görüş sırf texniki müzakirə deyildi. Söhbət Azərbaycanın enerji modelinin transformasiyasından gedir. Ölkə artıq təkcə karbohidrogen ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji istehsalçısı və ötürücü qovşaq kimi mövqelənir. Avropa İttifaqı isə enerji təhlükəsizliyini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycanı alternativ deyil, strateji tərəfdaş kimi görür.

Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji xəritəsində yerini möhkəmləndirən Azərbaycan indi eyni xəritədə “yaşıl enerji bağlantıları”nı formalaşdırmağa çalışır. Bu isə iki əsas istiqaməti önə çıxarır: Xəzər hövzəsində bərpa olunan enerji potensialının reallaşdırılması və həmin enerjinin Avropa bazarlarına ötürülməsi.

Müzakirələrin əsas xətti investisiya imkanlarının konkretləşdirilməsi olub. Enerji bağlantıları dedikdə burada təkcə elektrik ötürmə xətləri nəzərdə tutulmur. Söhbət Xəzərdən Qara dəniz istiqamətində planlaşdırılan yaşıl enerji kabel layihələrindən, regional interkonnektor sistemlərindən, eləcə də enerji səmərəliliyi mexanizmlərinin maliyyələşdirilməsindən gedir. Bu isə Azərbaycan üçün yeni iqtisadi model deməkdir – ixrac olunan məhsul artıq təkcə qaz deyil, elektrik və texnoloji enerji həlləridir.

Avropa İttifaqının bu prosesdə rolu ikiqatdır. Birincisi, maliyyə və texniki dəstək. İkincisi, bazar təminatı. Azərbaycan istehsal edəcəyi yaşıl enerjini ixrac edə biləcəyi sabit və uzunmüddətli bazara ehtiyac duyur. Aİ isə Rusiya qazından asılılığı azaltdıqdan sonra enerji portfelini daha dayanıqlı və şaxələndirilmiş formaya salmağa çalışır. Bu maraqlar kəsişir.

Enerji səmərəliliyi məsələsi isə daxili transformasiya komponentidir. Azərbaycanın enerji istehlakı modeli hələ də yüksək itkilərlə xarakterizə olunur. Əgər ölkə paralel şəkildə enerji effektivliyini artırarsa, həm daxili istehlak azalacaq, həm də ixrac potensialı genişlənəcək. Bu isə enerji təhlükəsizliyini təkcə hasilatla deyil, idarəetmə ilə də təmin etmək deməkdir.

Bu görüşün siyasi konteksti də diqqətəlayiqdir. Azərbaycan enerji sahəsində artıq “təchizatçı” rolundan “enerji qovşağı” roluna keçid strategiyasını həyata keçirir. Qazdan yaşıl enerjiyə doğru uzanan bu xətt ölkənin geosiyasi çəkisini artırır. Çünki enerji bağlantıları nə qədər çoxşaxəli olarsa, siyasi dialoq platformaları da bir o qədər sabitləşir.

Nəticə etibarilə, Bakıda keçirilən dəyirmi masa iqtisadi tədbir olmaqla yanaşı, strateji istiqamətin elanıdır. Azərbaycan qaz mərhələsindən sonra yaşıl enerji mərhələsinə daxil olur. Avropa İttifaqı isə bu prosesdə həm investor, həm bazar, həm də texnoloji tərəfdaş rolunu üzərinə götürməyə hazır olduğunu nümayiş etdirir.

Bu isə regionda yeni enerji arxitekturasının formalaşdığını göstərən mühüm siqnaldır.

Zeynal ABDİN

AzNews.az