Yenidən qonaqlayaq sualımızı... Yenidən qonaqlayaq sualımızı...

Hisslərimizin ən hərəkətlisi... - Ramin Hacılı yazır

Yenidən qonaqlayaq sualımızı...

Kennedinin and içmə mərasimində ABŞ şairi Robert Forst ona həsr etdiyi poemanı oxumalı imiş. Gözünə günəş düşdüyündən nə qədər çalışıbsa, şeiri kağızdan oxuya bilməyib. Əvəzində əzbər bildiyi başqa şeirini deyib. Günəş şairin dilindən “Azadlıq nəğməsi"ni eşitmək istəyib...Əlimdəki sonuncu kitabı bir nəfəsə oxuya bilmədim. Dəfələrlə əsəri kənara qoyub düşündüm. Ən çox girişdə qeyd etdiyim parçanı gözlərim buraxmadı. Bəbəyimin zehnimə göndərdiyi sual bu idi; Doğrudanmı, “Azadlıq nəğməsi"nə günəşin ehtiyacı var?

Bəlkə günəş ictimai tələbin cığırında aydınlıq saçmasını istəyirdi cənab Forstdan? Hə e, hə, mən bu qənaətdəyəm. Günəş öz şüalarının sınmasından narahat deyil. İşığını verdiyi ulduzların yaratdığı aydınlıqdan zövq alır. Günəşi tanrılar tanrısı kimi qəbul edən qədim xalqların instinkt və duyumunda sevgi və atası kimi kişi axtaran qızcığaz saflığı yatır. İnsan övladı təhtəlşüur olaraq onun uğruna təmənnasız yanan, özündən güclü kimisə - təzim etmək üçün, - axtarıb, axtarır, axtaracaq.

Müzakirəmi tək tərəfli olsa belə, davam etdirirəm.

Problemin ictimai yükü təbəqələşmənin gətirdiyi məişət çıxılmazı ilə izah edilən cəmiyyətdə postinsan dönəminə toxunulmasını çox gözləmişəm. İntibahın tanrıçılıq yox, insanmərkəzçilik çağını yaşamış Avropa yeni əsrə insani yox, postinsani üstünlüklə yollandı. Artıq varlı-kasıb təbəqələşməsini problem kimi həll edən Avropa fəlsəfi axını çözümü "üstinsanla" və ya "üstinsanda" axtarır.

Necə ki Martin Lüterin başlatdığı intibah fəlsəfəsinin gəldiyi nəticənin adını tam çılpaqlığı ilə Nitşe qoydu: “Tanrı öldü, insanlıq çağı doğuldu!”.

Əsrlərlə yaşayan "insanmərkəzçi" dövr nə ilə müşayiət olundu?

Dünya savaşları və gücü maddi qüdrətdə tapanların hegemoniyası ilə.

Tam razı olmasam da, deməliyəm ki, Makiavellinin insan tezisi Afinalı Protoqorasın “Anthropos panton metron” -İnsan hər şeyin meyarıdı” antitezisinə məğlub olduğu an fürsətlər və imkanlar bərabərliyi yarandı. Fürsətlər bərabərliyi daha fərasətliləri önə çıxararaq təbii təbəqələşməyə yol açdı.

Adam Smitin “Buraxın etsinlər” klassik liberalist qaydası iqtisadi olsa da, bütün sahələrdə qələbə üçün “ hər üsul məqbuldu” qənaəti ilə möhürlənib. Uzun müddət insanlar bu möhürə alın qoyaraq bədbəxtlik içində çırpınıblar.

Yalnız İkinci Dünya Savaşı faciəvi durumu soyundurub gün işığına çıxardı. Tikanlı səmimiyyət kimi fərasətlilərə də dərs verdi. Bəli, nə internasionalın iclasları, nə düşüncənin sözlü və ya yazılı təsiri mütləq həqiqəti kütlə üçün aksioma çevirə bilir... 65 milyona yaxın insanı ölüm gözləyirdi. Əbəs yerə “Şopenhauer məktəbinin əlaçı tələbəsi Hitlerdi” deyilmədi. Savaş sonrası yenə də ədalətlə insanlar arasında düşmənçiliyin qalıqları var. Daşların yerinə oturması hələ çox zaman alacaq. Sol mərkəzçi və ya demokrat qoşmalı klassik ideologiyalar müasir dövrümüzün Avropasında belə nəticəyə gəlir: “Ədalət və hüzur üçün fərasəti olanların ehtiyacı olanları razı salması qaçılmazdır!" .

Bu prinsip orada qanuna çevrilib. Quran ayəsi kimi qorunan, hüququn təməlini təşkil edən, vergi sistemində əhəng daşı rolunu oynayan bu prinsip sivilizasiyanın gəldiyi sonuncu çıxış yoludur. Qarşımda yaxşı dinləyici görüb fikrimi davam etdirirəm - R.H.

90- cı illərdən başlayaraq sosio-fəlsəfə kölgəsində qaldığı elm dünyasına qarşı ciddi suallarla hücuma keçdi.

İnsanın sosial varlıq kimi, psixoloji durumda gedişləri kimi, təbiətlə düşmənçiliyinin səbəbi kimi, bəşəri dəyərlərə bağlılığı kimi məsələlərin elmi izahı suallarla fəlsəfəni öldürür deyirsiz. Bəs qısqanclığın yeni forması olan üstinsan adi insan qarşıdurması kimin yaratdığı problemdi? Yeri gəlmişkən, qısqanclıqla bağlı üstündən keçilən bir fikir də məni barmaqlıqlar arasından uzaqlara aparır.

Sevgidən doğan, nifrətdən doğan, özünə qəzəbdən doğan..

Hisslərimizin ən hərəkətlisi...

Sahiblik coşğumuzun katalizatoru, qisasçılıq, qəzəb.....

Neqativ və ya pozitiv olsun, psixoloji durumumuza ən çox soxulan qurd...

Yenidən qonaqlayaq sualımızı. Gündəlik yaşantılarımızda da izlənən post insan fərqliliyi. İlk ağlıma gələni yazım. Şahmar adlı bir homoseksual intihar edir və bütün ölkədə gündəmdə olur. Yeni forma qısqanclıq epidemiyasından əziyyət çəkən adilər (oxu sadə) sual edir: “Ölkədə onlarla adam intihar edir, niyə bir geyi müzakirə edirsiz?”. Həqiqətən də o zaman intiharlar çoxalmışdı. İki müzakirə vardı: Biri, intiharlar niyə çoxdu? Digəri isə Şahmarın özünəqəsdi.

Çağdaş fəlsəfə iddia edir ki, bəşəriyyətə fayda vermək düşüncəsini həyat tərzi edənlər post insandı, eqosentrik tərzi geyinənlər isə adi insan. Şahmarın cinsi orientasiyası əslində heç kimi narahat etmirdi. Yaşamı ilə bir qrupun maraqları üçün çalışıb, cəmiyyətə bu formada fayda vermək istəyib, ölümü ilə verdiyi mesajı var... və ən vacibi, bütün bunları edərkən bilincinə həkk olunan yüklü fikirləri gözə batırdı. Gözə batan beyinə də batsın deyə müzakirə predmeti olur. Bu faktın sahibi olanların sayı hər gün artmaqdadı.

Çox adam üstünlüyünü gözə batırmaq istəyir. Özünütəsdiq instinkti ilə hərəkətə keçir. Fərdi terrorlar, fərdi aksiyalar, özünütəsdiqin hər üsuluna hazır insanın psixoloji dartınması fürsətçilər üçün gözəl şans yaradır. Yaxın gələcəkdə bizi gözləyən savaşın təbil səsi, narahatlığın hələlik ad olaraq görünən şəklinin günümüzdəki rəngi yenicə doğulan problemlərdi. Adi insanların özünü təsdiq etmək üçün hər şeyə hazır olması...Bu təfərrüat kimi kölgədə qalacaq - özülünü bildiyimiz və ya tapdığımız andan. Özülün adı: Artıq təbəqələşmə Üst və Alt insan formasında təzahür edir. Artıq savaş şüurla üstşüur arasında başlayıb. Həbsxanada adətən adam belə fundamental müzakirələrə hazır olmur. Başını qoyub saniyə saymağa yer axtarırsan. Kitabxana deyil oturub oxuyasan, məktəb deyil yazını yazasan... Başda min fikir, ətraf dərdli insanlar, doğmalara darıxmaq, əlin-qolun bağlı, xəbərsizlik... Belə durumda fikir istiqamətimi sevimli üfüqlərə yönəldən kitablara minnətdaram.

Əziz oxucu, bir məsələdə qənaətimi konkretləşdirmişəm. Marjinallıqdan uzaqlara aparan kitabları oxuyun.

Ramin Hacılı