“Tiflisdə SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı”

"Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür"

“Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var, həmişə çətin gündə bir-birimizə dayaq olmuşuq. Həm Azərbycan, həm də Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.

Milli Məclisin sədri Oqtay Əsədov bu fikirləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşündə söyləyib.

Qeyd edək ki, görüşdə parlamentin birinci sədr müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov iştirak edirdi.

Spiker gürcü həmkarı ilə görüşdə dövlətlərarası əlaqələrdən məmnunluğunu ifadə etdi: “Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir”. O.Əsədov siyasi əlaqələrimizlə bərabər, iqtisadi əlaqələrimizin də inkişafından şad olduğunu bildirdi və konkret rəqəmlərə istinad etdi: 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin ilk ayları göstərir ki, aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik”.

Spiker qeyd etdi ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdırlar: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu onyadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə bir çox SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Mən çox şadam ki, parlament əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Keçən il Əflatun Amaşovun rəhbərliyi ilə dostluq qrpumuz Gürcüstanda olmuşdu. Biz dostluq əlaqələrimizin inkişafına yüksək diqqət yetiririk. Xarici əlaqələr komitələrinin bu yaxınlarda ikitərəfli – Azərbaycan və Gürcüstan, üçtərəfli- Azərbaycan, Gürcüstan və Türkiyə görüşləri oldu. Deputatlarımız bir çox parlament assambleyalarında bir-birlərinin mövqelərini dəstəkləyirlər. Mən ikitərəfli görüşdə də dedim ki, bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Bir daha sizi Milli Məclisdə salamlayıram”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze isə qəbula görə təşəkkür etdi: “Bu gün Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar. Ölkələrimiz arasında tarixi dostluq münasibətləri var. Çox şadıq ki, bu tarixi dostluğu müstəqillik əldə etdikdən sonra dövlətlərarası dostluğa qaldıra bildik. Münasibətlərin inkişafında Heydər Əliyevin xidməti çox böyük idi. Preziden İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf edir. Hər bir sahədə münasibətlər, əlaqələr əhəmiyyətlidir. Şadıq ki, bizim çox gözəl siyasi münasibətlərimiz var. Azərbaycan tərəfindən Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq çox əhəmiyyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə anoloji qaydada yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox böyük əhəmiyyəti var. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına böyük problemlər yaranar”. Gürcüstan parlamentinin sədri qeyd edib ki, iki ölkə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir: “Biz Avropa Şurası və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkişafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentəlarası dostluq qrupları arasında mövcuddur. Qarşılıqlı səfərlər parlamentlərin bir-birinə daha yaxın olmasına kömək edir. Komitələr, parlamentlərin aparatları arasında əlaqələr də çox mühümdür. Bu cür yüksək səviyyəli səfərlər əlaqələrimizin inkişfaına böyük töhfə verir”.