"Milli mətbuatımızın böyük tarixi var" "Milli mətbuatımızın böyük tarixi var"

Yaqub Mahmudov jurnalistləri təbrik etdi

"Milli mətbuatımızın böyük tarixi var"

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Azərbaycan mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar jurnalistlərə təbrik məktubu ünvanlayıb.

İnstitutdan verilən məlumata görə, təbrikdə deyilir:

“22 iyul, 2019-cu il Azərbaycan mətbuatının yaranmasının 144-cü ildönümüdür.

Bu xoş fürsətdən istifadə edərək Sizləri peşə bayramı münasibətilə təbrik edirəm!

Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir. Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir. Milli-mənəvi dəyərlərimizin, müasir uğurlarımızın və tariximizin təbliğ olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun prezidenti olduğu Heydər Əliyev Fondu çox mühüm rol oynayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu KİV ilə sıx əməkdaşlıq edir. Mətbuatımız institutun gördüyü işləri müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətinə çatdırır. Əgər Sizin dəstəyiniz olmasa, bizim gördüyümüz işlərdən dünyanın xəbəri olmaz! Hər bir xalqın, dövlətin uğurlarının əsasında yüksək informasiya təminatı durur.

Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir.

Tarix İnstitutu ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır. Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçiririk. 2018-ci ildə institutumuzun saytı yenilənib və 3 dildə fəaliyyət göstərir. İnstitut sosial şəbəkələrdə aktivdir, onun Feysbuk səhifəsi və Yutub kanalı var.

Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Fikrimcə, tarixin inkişaf dövrlərinə yeni bir dövr də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: tarix elmində bir neçə - Paleolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrləri var. Yaşadığımız dövr isə İnformasiya texnologiyaları dövrüdür.

İnstitutun yaydığı məlumatları müntəzəm olaraq yayımladığınıza görə Sizlərə kollektivimiz adından və şəxsən öz adımdan ən dərin minnətdarlığımı bildirir və yeni-yeni uğurlar arzulayıram”.

AzNews.az

image description