“Azərbaycan və Meksika dörd il ərzində daha yaxın olub” - Səfir

"Azərbaycandan Meksikaya ixrac 12%-dən çox artıb"

"Mənim Meksikanın Azərbaycandakı səfiri kimi dörd illik fəaliyyətim ərzində bizim ölkələrimiz daha çox yaxınlaşdı. Bu, əməkdaşlığın bütün sferalarına aiddir".

Bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ölkəsinin Müstəqillik Gününün 209 illiyi münasibəti ilə keçirilən rəsmi qəbulda bildirib.

"1995-2014-cü illər ərzində əmtəə dövriyyəsi 2 milyon dollardan 2018-ci ildə 26 milyon dollar rekord göstəriciyə yüksəlib. Meksikanın Azərbaycana əmtəə ixracı 35%, Azərbaycandan isə Meksikaya ixrac 12%-dən çox artıb", - deyə səfir bildirib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbayev qeyd edib ki, 1992-ci ildə əsası qoyulan ikitərəfli əlaqələr sürətlə artmaqda davam edir. Bu, siyasi dialoqa, eləcə də iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığa aiddir.

"Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Meksikanın onun suverenliyini və ərazi bütövlüyünü tanımasını, həmçinin ölkənin Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirir", - deyə o bildirib.(report.az)

AzNews.az