Sərnişinlərin marağına səbəb olan diaqnostika kompleksi nədir? - Metropolitenimizin qüruru

“Unikal bir vaqon-laboratoriyadır, həqiqətən də onun qədər çox funksional kompleks, hələ ki, dünyada yoxdur”

Bu gün səhər saatlarında metronun 28 May stansiyasında üzərinə “diaqnostika kompleksi” yazılmış qatar daxil olub. Həmin qatara “minik yoxdur”, deyə sərnişinlərə xəbərdarlıq edilib. Bir müddət platformada dayanan qatar ətrafdakıların marağına səbəb olub. İnsanların marağını nəzərə alaraq diaqnostika kompleksinin nəyə xidmət etdiyi və gördüyü işlər barədə “Bakı Metropoliteni” QSC-dən məlumat aldıq.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, 2015-ci ildən metroda belə bir diaqnostika kompleksi var: “Unikal bir vaqon-laboratoriyadır, həqiqətən də onun qədər çox funksional kompleks, hələ ki, dünyada yoxdur. Bakı metrosunun rəhbər və mütəxəssislərinin ideyaları əsasında, Rusiyanın bu sahədə dünyada aparıcı şirkəti olan TVEMA ilə birlikdə hazırlanıb. 40-dan artıq parametr və 100-dən artıq istiqamət üzrə, metropoliten infrastrukturunu yoxlayır”.

Diaqnostika kompleksinin həyata keçirdiyi işlər barədə danışan B.Məmmədov əlavə edib ki, bu, yollar, onların üstquruluş elementləri, plan və profildə vəziyyəti, təmas relsi, tunel avadanlıqları və qurğuları, tunel geyimi, əndazə ölçülərini və s. bu kimi çoxsaylı yoxlama işi aparır: “Əksər parametrlərin uyğunluğunu təlimat və texniki tapşırıqlar əsasında qiymətləndirir. Hər bir məlumat yığılır, arxivləşdirilir, müqayisəli təhlillər aparılır. Buna bənzər komplekslər Moskva və Sankt-Peterbur metrolarında da var. Amma yoxlama genişliyi və dərinliyinə görə Bakıdakından çox geri qalır. Metropolitenimizin qüruru olan kompleksdir. Ay ərzində iki dəfə xəttə verilir. Bu kompleks istifadəyə veriləndən metroda texniki təhlükəsizlik, yaranan texniki nöqsanların aradan qaldırılması və s. kimi məsələlər dəfələrlə artıb. Yəni yeni texnoloji əsaslarla təhlükəsizliyə, infrastrukturun normativlər çərçivəsində olmasına zəmanət də artıb”.

Ləman Hüseynzadə