GMO-lu kartofların üzərinə yazılan yeni adlar barədə GMO-lu kartofların üzərinə yazılan yeni adlar barədə

Vəba günlərində Əli Həsənova qarşı kindarlıq

GMO-lu kartofların üzərinə yazılan yeni adlar barədə

Bir dəfə Diogendən soruşurlar ki, bayırda hava necədir?

Deyir: "Bilmirəm, siz məndən içimdəki havanı xəbər alın".

Tamamilə evə qapanmış durumdayıq. Ətraf mühitlə, işlə bağlı bütün münasibətlər internet üzərindən tənzimlənir.

Mənə küçələrdən daha boş görünən adamların içidir.

Nə qədər istedadsız, düşüncəsiz, fərdi inkişafdan geri qalmış bir toplumda yaşadığımızı daha dərindən hiss edirəm.

Boz kütlə...

Bu kütləni öz meşşan həyat tərzi və psixologiyası ilə yükləyən süni titul daşıyıcıları...

Belə bir ortamda həm mənəvi, həm də istedad baxımından ləyaqətli adam görəndə fərəhlənirəm.

Vəba təhlükəsi qarşısında pozitivdir onlar, daxilindəki yaxşılığın səsidirlər, maraqlıdırlar, güvən aşılıyırlar. Bəzən bir musiqi, bəzən bir çiçək fotosu, bəzən bir gülücük işarəsidirlər. O dolu, o həyat dolu adamlar sanki azmış ruhdurlar bu boz virtual çöllükdə...

***

Hər zaman demişəm, bir daha təkrar edim. Azərbaycan cəmiyyətinin, bu cəmiyyətin güzgüsü sayılan medianın fundamental problemlərinin kökü dərində, tarixdədir.

Renessans dövrünü yaşamamış, sənaye inqilablarını keçməmiş, bilgi çağından uzaq bir toplumuq.

Kapitala dayanan sosial-siyasi münasibətlər sistemi, o sistemin yaratdığı dəyərlər formalaşmayıb ölkəmizdə.

Bir zamanlar Azərbaycana beş-on alman köçürmüşdülər, ikisi Gəncə və ətraf bölgələrində şərabçılıq şirkətləri qurdu, yaxşı da pul qazandılar.

Başa düşdük, şərab istehsalı islam dininə görə yasaqdır, amma o çağlarda coğrafiyamızın malik olduğu sərvətləri istehsaldan keçirib dünya bazarına çıxaran hansı müsəlman şirkətləri yaranmış, İran, Osmanlı, Rusiya, Avropa bazarında ün qazanmışdı?

Bəlkə, eşələyib hardansa bir-iki belə şirkət tapmaq olar, amma cəmiyyət, bütövlükdə, texnologiyadan, istehsal və markalaşmadan uzaq idi.

Onun ağrılarını yaşayırıq hələ də.

Ucqarları demirəm, Bakıdakı, Tiflisdəki, İrəvandakı, Gəncədəki və digər şəhərlərdəki ruslar, ermənilər, gürcülər, yəhudilər və digər xaçpərəstlər uşaqlarına təhsil verəndə, məktəbə yollayanda, elm, sənət, musiqi öyrədəndə bizim şanlı babalarımız məhlədə it boğuşdurur, xoruz döyüşdürür, xalqın gözünü açmaq istəyən "azmış ruhlar"a silah çəkirdilər...

Nəticədə, bu gün Azərbaycanda həm də üzləşdiyi işğallar səbəbindən yüzillərin ənənəsinə istinad edən media quruluşları yoxdur.

Bir aforizmdə deyildiyi kimi, ağacın başında hansı meyvə bitəcəyini bilmirsinizsə, kökünə baxın.

Köksüz-köməkçisiz mediamıza tək kömək dövlətdəndir. Bir zamanlar dövlət başçısı bu yardımları öz köməkçisi Əli Həsənovun kurasiyasında gerçəkləşdirirdi. Artıq o, aylardır vəzifə başında deyil.

Mən Əli Həsənova vəzifədə olarkən edilən hücumları səmimi, rasional və mətbuatın inkişafına xidmət etdiyini düşünmürdüm. Bu gün də düşünmürəm.

Bu qənaətə gəlməyimin səbəbləri vardı, bu gün Əli Həsənov vəzifədə olmadığı dönəmdə həmin səbəbləri yaradan amillər daha qabarıq görsənir. Birini deyim.

Əli Həsənov istedadsıza istedad, qabiliyyətsizə qabiliyyət, fırıldaqçıya dürüstlük, tamahkara gözütoxluq, ikiüzlüyə mərdlik, xəyanətkara və satqına dövlət, millət heysiyyatı bəxş edəcək bir imkana sahib deyildi, deyil.

300 milyon dollar qrantı dədələrinin malıymış kimi yeyənlər, Fətullah Gülənin şəbəkəsini sağanlar, dövlətin rəsmi qurumlarından, ayrı-ayrı məmurlardan kisə-kisə pul alanlar, haçan "Sözçü" qəzetini yaratdılar, Uğur Dündar, Yılmaz Özdil, Rahmi Turan, Bekir Çoşqun, Deniz Zeyrek oldular, biz görmədik?

***

Bir neçə gündür bəziləri bircə o qalıb iddia edələr ki, əgər Əli Həsənov bir zamanlar prezidentin köməkçisi vəzifəsində işləməsəydi, koronovirus "koronovirus" olub Azərbaycanın sərhədlərindən bəri keçə bilməzdi. Hətta təəccüb edirəm ki, nə əcəb "komplo" beyinlərini işə salıb demirlər ki, məlum virusun hazırlanmasını və dünyaya yayılmasını elə Əli Həsənov Çinə sifariş edib...

Sarkazm, ironiya öz yerində, doğrudanmı bu cür adamların vicdanı, əxlaqı, bir vətən və insanlıq yanğısı yoxdur? Bu gün bütün bəşəriyət can hayındadır, dövlətimiz, prezidentimiz, hökumətimiz, bilincli vətəndaşlarımız bu bəladan maksimum az itki ilə çıxmağın yollarını arayır, tədbirlər görür, ancaq kimlərsə bütün dəyərləri unudub öz mərdimazarlıqlarından əl çəkmir.

Doğrudanmı düşünmürsünüz ki, daşıyıcısı olduğunuz virusun üstünə "korono" da gəlsə, uzağı bir ay yaşayacaqsınız və bu bir ayı, heç olmazsa o bir ayı kindən-küdurətdən uzaq yaşamağı nədən istəmirsiniz?

İllah ki, bu son dönəmdə Əli Həsənovun və ailəsinin dövlətə necə dəstək verdiyini bilmək istəyirsinizsə, deyim, ürəyiniz sakit olsun:

1) Əli Həsənov İdarəçilik Akademiyasının kafedra müdiri kimi 3 aylıq maaşını;

2) Həyat yoldaşı Sona Vəliyeva başçılıq etdiyi "Kaspi" Təhsil Şirkətindən 10 min, Xətai Estetik Klinikasından 3 min manat;

3) Oğlu Şamxal Həsənov başçılıq etdiyi müəssisədən 20 min manat Koronovirusa qarşı Mübarizə Fonduna köçürüb.

Bundan başqa, həmin müəssisələrdə çalışan bütün əməkdaşlar - yüzlərlə insan öz maaşlarını son qəpiyinədək alacaqlar. Bu da dövlətə, xalqa, insanlara bu çətin günlərdə dəstəyin bir forması deyilmi?

Odur ki, məndən bəzilərinə bir tövsiyyə: bu ölkədə dövlət və millət heysiyyatı heç sınanmayacaq insanlardan biri məhz Əli Həsənovdur, sizə bir zəhmət, gedin ayrı qapıda oynayın!

***

Müəllifinin kim olduğunu bilmədiyim bir pritça var, bir dəfə "Kulis.az"-da oxumuşdum, xatırlayıb tapdım.

Şagird ustadın yanına gəlib soruşdu:

- Sən müdrik adamsan, ustad. Sənin əhval-ruhiyyən həmişə yüksəkdir. Heç vaxt əsəbiləşmisən. Mənə də belə olmağı öyrət!

Ustad razılaşdı və şagirdinə dedi ki, ona bir şəffaf torba və kartof gətirsin:

- Əgər aranda kiminləsə problem olacaqsa, ona əsəbiləşəcəksənsə, onun adını kartofun üstünə yaz və torbanın içinə at.

- Vəssalam? – təəccüblənən şagird soruşdu.

- Yox – ustad cavab verdi – sən həmişə bu torbanı özünlə daşımalısan. Hər dəfə kimdənsə incidinsə, bura kartof əlavə etməlisən.

Şagird razılaşdı. Bir müddət keçdi. Şagirdin torbası kartofla doldu və ağırlaşdı. Həmişə bu torbanı özüylə daşımaq narahatlıq yaradırdı. Üstəlik torbaya lap əvvəldə atdığı kartof artıq çürüməyə başlamışdı. Torbadan pis iy gəlirdi. Şagird ustadın yanına gəlib dedi:

- Artıq bu torbanı daşımaq mümkün deyil. Əvvəla, çox ağırdı. Həm də kartoflar xarab olub. Nəsə başqa bir təklifin yoxdur?

Ustad cavab verdi:

- Orda baş verənlər, elə sənin özünlə də baş verir. Sadəcə sən bunu dərhal başa düşmürsən. Əməllərimiz vərdişlərə, vərdişlər isə zamanla xarakterə çevrilir. Belə xarakterdən isə üfunətli qüsurlar doğur. Mən sənə bütün bu prosesə kənardan baxmaq imkanı yaratdım. Hər dəfə sən kimdənsə inciməyə, yaxud kimisə incitməyə hazırlaşanda, düşün ki, sənə bu yük lazımdırmı?

Bəli, bu gün bizim- Azərbaycan idealistlərinin çiynində üfunətli bir kartof tayı var, ha istəyirik GMO-lu kartoflar üzərinə təzə ad yazıb, o çuvala atmayaq, alınmır.

Yük olurlar, üç-beş işıqlı insana, millətə, dövlətə!!!

Taleh ŞAHSUVARLI