General Tofiq Ağahüseynov vəfat etdi

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

İstefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görkəmli hərbi və dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov dünyasını dəyişib.

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub.

1972-ci ildə general-leytenant rütbəsi alıb və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olub.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.