Vəkillər Kollegiyasının “Pro Bono” chat botu istifadəyə veriləcək

Vəkillər Kollegiyası Ədliyyə Nazirliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların mərkəzləşdirilmiş və onlayn qaydada bölgüsünün həyata keçirilməsini nəzərdə tutur.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov aprelin 2-də Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür: “Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və sair məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir.

“Elektron vəkil orderi layihəsinin davamı kimi hazırda “elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Burada normativ-hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Həmin problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ-hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.

Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparmaqdadır. Yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” chat botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək”, - deyə A.Bağırov bildirib.