“Milli Ensiklopediya ruslardan köçürülür- bu, utancvericidir” - keçmiş deputat

Azərbaycanda rus dilində tədrislə bağlı müzakirələr davam etdiyi bir vaxtda sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev daha dərinə gedərək diqqəti ölkənin elmi və mədəniyyət siyasətindəki daha ciddi problemin üzərinə yönəldib. Onun sözlərinə görə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanma prosesi milli-mənəvi və elmi-etik meyarlardan uzaq şəkildə, sovet dövrünün köhnə yanaşmaları əsasında qurulub.

Etibar Əliyev bildirib ki, 2004-cü ildən nəşrinə başlanılan Azərbaycan Milli Ensiklopediyasının cəmi 9 cildi işıq üzü görüb və bu cildlərin çoxu faktiki olaraq “Bolşaya Rossiyskaya Ensiklopediya”nın (BRE) materiallarının tərcümə və adaptasiyasından ibarətdir:

“Milli Ensiklopediyada elə kobud və milli maraqlara zidd səhvlərə yol verilir ki, onları ictimaiyyətə açıq şəkildə təqdim etmək istəmirəm. Amma fakt odur ki, bizim ‘Milli Ensiklopediya’mız rusdilli BRE-dən köçürülməklə tərtib olunur. Bu, elmi və mənəvi baxımdan utancvericidir.”

O, bu mənzərənin orta məktəblərdəki rus bölmələri ilə bağlı müzakirələrin də fövqünə keçdiyini qeyd edib:

“Bəzən rus bölmələrinin məktəblərdəki rolunu geniş müzakirə edirik, amma başımızı bir qədər yuxarı qaldırsaq, daha ciddi mənzərə ilə üz-üzə qalırıq. Orta məktəb, akademik elitanın rus dilinə meylinin yanında ‘toya getməlidir’.”

Etibar Əliyev sual edir: nə üçün Milli Ensiklopediya Mərkəzi və AMEA “Britannica” kimi dünya səviyyəli və etibarlı ensiklopedik tərtibat nümunələrinə deyil, köhnə sovet modelinə əsaslanır?

“Niyə biz Britannica kimi nümunəvi, obyektiv və universal bir modeldən faydalanmaq əvəzinə, elmi baxımdan artıq nüfuzunu itirmiş və sovet irsinin davamçısı olan rus ensiklopediyasını mənbə kimi qəbul edirik? Doğrudanmı Milli Ensiklopediya Mərkəzində və AMEA-da bu səviyyədə ingilis dili bilən mütəxəssislər yoxdur?”

Ekspertin fikrincə, bu hal təkcə elmi zəiflik deyil, həm də elmi müstəqilliyin, milli informasiya təhlükəsizliyinin pozulmasıdır. O, bu məsələnin cəmiyyət tərəfindən diqqətlə izlənilməsini və müvafiq qurumların ciddi şəkildə hesabat verməsini vacib sayır.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nəşri Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Milli Ensiklopediya Mərkəzi tərəfindən həyata keçirilir. Lakin tənqidçilərin fikrincə, bu layihə müasir tələblərə cavab vermir və Azərbaycanın elmi-intellektual potensialını adekvat şəkildə əks etdirmir.

AzNews.az