- Üçüncü sektor
- 10 İyul 18:59
- 1 434
İnternet tanışlığının təhlükələri- QHT sədri xəbərdarlıq edir

“Odnoklassniki” sosial şəbəkəsində tanışlıqla başlayan bir münasibət ailənin bütün varidatını itirməsi ilə nəticələnib. Bakıda baş verən və məhkəməsi bu günlərdə yekunlaşan cinayət işində əsas fiqur kimi tanınan 40 yaşlı J.S. internetdə tanış olduğu Zərdab rayon sakini "N" adlı şəxs və onun ailəsinin etimadını qazanaraq onların 143 min manat pul mənimsəyib. J.S əvvəlcə özünü başqa adla təqdim etsə də, sonradan ailəni Bakıda mənzil almaq vədi ilə inandırıb. Onun dediyinə görə, rayonda satılan evin puluna paytaxtda, özü də “Elmlər Akademiyası” metrosu yaxınlığında iki mənzil almağa yardım edəcəkdi. Onlar bu vədə inanaraq evlərindəki əşyaları hətta duzqabıya qədər satmışdılar. Amma qadın bütün pullları götürüb yoxa çıxmış və yalnız zərərçəkənlərin şikayətindən sonra istintaqa cəlb olunmuşdu.
Bu, Azərbaycanda "internet tanışlığı"ndan baş verən cinayətlərdən yalnız biridir.
“Ailə Dünyası” İctimai Birliyinin sədri, hüquqşünas Gülayə Səfərova bu cür hadisələri nümunə göstərərək xəbərdarlıq edir ki, internet tanışlıqları yalnız emosional təhlükə deyil, hüquqi fəsadlar və hətta cinayət qurbanı olmaqla da nəticələnə bilər. Onun sözlərinə görə, tanımadığınız bir insanla sırf sosial şəbəkələr üzərindən ünsiyyət qurmaq ciddi risklər yaradır. Çünki həmin şəxsin cinayətkar dəstə üzvü olması ehtimalı hər zaman var:
“O, yalnız siz onun ölkəsinə, şəhərinə və ya evinə gələnə qədər mehriban görünə bilər. Əslində isə bu şəxs bir vasitəçidir və sizi insan alveri, fırıldaqçılıq və ya başqa cinayət əməliyyatlarına sürükləyə bilər. Belə ‘dost’ sizə lazımdırmı?”
Bəli, hazırda virtual aləmdə münasibətlər qurmaq həm daha əlçatan, həm də daha təhlükəli hala gəlib. Əvvəllər ancaq məktubla və ya ailə vasitəsilə qurulan münasibətlər indi bir kliklə başlayır. Lakin bu rahatlıq insanın özünü və sərvətini riskə atması ilə nəticələnə bilər. İnsanlar, xüsusilə də emosional vəziyyətdə olanlar, qarşı tərəfin səmimiliyinə tez inanır. Bu isə cinayətkarlar üçün münbit zəmin yaradır. Sosial şəbəkələrdəki profil şəkli, mesajların istiliyi və “gələcək planlar” adı altında verilən vədlər arxasında çox zaman real fırıldaqçılar gizlənir. Buna görə də virtual əlaqələrə ehtiyatla yanaşmaq, şəxsi və maliyyə məlumatlarını paylaşmamaq, xüsusilə də mənzil, kredit və pul köçürmələri kimi ciddi məsələlərdə yalnız real və hüquqi zəmanətli münasibətlərə güvənmək lazımdır.
Bu hadisə bir daha göstərir ki, internet yalnız tanışlıq platforması deyil, eyni zamanda cinayətkarların yeni meydanıdır. Ehtiyatlı olmaq isə artıq sadəcə tövsiyə deyil, həyati zərurətdir.
Zeynal ABDİN,
AzNews.az