- Üçüncü sektor
- 16:15
- 1 376
Azərbaycanda heyvan dişləməsi hallarında artım: QHT-nin təklifləri

Son altı ayda Azərbaycanda 22 min 406 nəfər heyvan dişləməsi ilə bağlı tibb müəssisələrinə müraciət edib. Bu rəqəm bir təhlükə siqnalı olmaqla yanaşı, həm də profilaktik tədbirlərin aktuallığını göstərir. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Dişləmələrin 50%-dən çoxu məlum heyvanlardan, 40%-dən çoxu isə küçə heyvanlarından qaynaqlanıb. Belə ki, 11 min 313 hadisədə məlum sahibli heyvanlar, 9 min 215 hadisədə isə naməlum – əsasən sahibsiz küçə heyvanları insanlara xəsarət yetirib. Hadisələrin böyük hissəsi it və pişik dişləmələri ilə bağlıdır. Rəqəmlərdə artım müşahidə olunsa da, quduzluq hadisəsi qeydə alınmayıb – bu isə vaxtında müdaxilə və nəzarət tədbirlərinin nəticəsi hesab olunur.
Ən riskli heyvanlar arasında canavar və tülkü ön sıradadır. Onların hücumu zamanı quduzluq ehtimalı yüksək qiymətləndirilir. A.Qurbanova qeyd edir ki, hər bir dişləmə, cırmaqlama və ya tüpürcəklənmə hadisəsi qeydə alındıqda, GEM hadisə yerini araşdırır, zərərçəkmiş vaksinasiyaya cəlb olunur, və eyni zamanda baytarlıq xidməti məlumatlandırılır.
Qurbanova bildirir ki, zədə nahiyəsi 72%-lik sabunla və ya axar su ilə yuyulmalıdır. Mümkün deyilsə, spirt və ya yodla dezinfeksiya etmək ilkin müdaxilə sayılır. Bundan sonra dərhal həkimə müraciət olunmalıdır. Qəbul olunmuş müalicə protokoluna əsasən, zərərçəkənə 0, 3 və 7-ci günlərdə antirabik vaksin vurulur. Əgər risk yüksək qiymətləndirilirsə (qeyri-şərti halda), vaksinasiya 14 və 28-ci günləri də davam etdirilir.
Nə etməli?
"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi hesab edir ki, son altı ayda 22 minə yaxın insanın heyvan dişləməsi ilə bağlı həkimə müraciət etməsi təkcə tibbi statistika deyil, həm də cəmiyyətin, yerli idarəetmənin, səhiyyə və baytarlıq sistemlərinin qarşılıqlı cavabdehliyini ortaya qoyan ciddi bir göstəricidir. Bu qədər yüksək göstərici, xüsusilə də naməlum və sahibsiz heyvanlar tərəfindən törədilən hadisələrin çoxluğu, artıq yalnız tibb müəssisələrinin deyil, bələdiyyələrin, icra strukturlarının və vətəndaş cəmiyyətinin də iştirakını tələb edən bir məsələyə çevrilib.
Qarşıdakı dövrdə bu kimi halların azalması və quduzluq riskinin sıfıra endirilməsi üçün bir neçə əsas istiqamətdə sistemli işlərin aparılması zəruridir:
1. Küçə heyvanlarının qeydiyyata alınması və peyvəndlənməsi
Küçələrdə sərbəst dolaşan sahibsiz it və pişiklərin artması həm təhlükəsizlik baxımından, həm də infeksiya riski baxımından ciddi problemdir. Buna görə yerli icra orqanları və bələdiyyələr küçə heyvanlarının tutulması, qeydiyyata alınması, sterilizasiyası və antirabik vaksinasiya ilə təmin olunması üzrə proqramlar hazırlamalıdır. Baytarlıq xidmətləri bu prosesi nəzarətdə saxlamalı və davamlılığını təmin etməlidir. Bu sahədə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq da faydalı ola bilər.
2. Sahibli heyvanların sahiblərinə qarşı hüquqi və maarifləndirici tədbirlər
Sahibli heyvanlar tərəfindən törədilən dişləmə hallarının sayı da kifayət qədərdir. Bu isə bir daha göstərir ki, heyvan sahibi olmaq hüquqi məsuliyyət də daşıyır. Sahiblər heyvanlarına mütləq vaksin vurdurmalı, onların icazəsiz küçəyə çıxmasının qarşısını almalı, ictimai yerlərdə təhlükəsizlik tədbirlərinə (əlcək, ağızlıq, ip) ciddi əməl etməlidirlər. Qanunvericiliyə uyğun şəkildə bu məsələlər tənzimlənməli, pozuntuya yol verənlərə cərimələr tətbiq olunmalıdır.
3. İctimai maarifləndirmənin gücləndirilməsi
Əhalinin böyük bir hissəsi heyvan dişləməsi zamanı necə davranacağını, hansı tibbi tədbirləri görəcəyini və hansı hallarda həkimə getməli olduğunu tam bilmir. Bu səbəbdən müxtəlif yaş və təbəqələrə uyğun maarifləndirici kampaniyalar, məktəblərdə və kollektivlərdə təlimlər, KİV və sosial şəbəkələr vasitəsilə mesajlar yayılmalıdır. Xüsusən də kənd yerlərində və ucqar bölgələrdə bu məsələdə sistemli məlumatlandırma aparılmalıdır.
4. Baytarlıq və səhiyyə xidmətləri arasında koordinasiyanın gücləndirilməsi
Heyvan dişləməsi hadisəsi baş verən kimi səhiyyə və baytarlıq strukturları dərhal koordinasiyalı şəkildə hərəkət etməlidir. Zərərçəkmiş şəxsin tibbi yardımı və vaksinasiyası gecikdirilməməli, hadisəni törədən heyvan izlənməli, müşahidə altına alınmalı və zərurət varsa laborator yoxlamalar aparılmalıdır. GEM-lər və yerli baytarlıq orqanları bu hallarda vahid elektron sistemlə məlumat mübadiləsi etməli və müşahidələri sənədləşdirməlidir.
5. Təcili yardım və ilkin tibbi yardım bacarıqlarının artırılması
Əhalinin özündə də ilk yardım bacarıqları olmalıdır. Dişlənmə, cırmaqlanma və ya tüpürcəklənmə zamanı ilkin olaraq yaralı nahiyənin axar su və sabunla yuyulması, spirt və ya yodla dezinfeksiya olunması, sonra isə təcili tibb müəssisəsinə müraciət edilməsi həyati əhəmiyyət kəsb edir. Xüsusilə kənd yerlərində tibbi yardımın gecikə biləcəyi ehtimalını nəzərə alaraq, bu məlumatlar geniş şəkildə yayılmalıdır.
Nuray,
AzNews.az