Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir. Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir.
  • Tribuna
  • 22 Noyabr 2018 10:06
  •  1 661

“Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır” - Politoloq

Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir.

Bu, ondan xəbər verir ki, Azərbaycan-Belarus əlaqələri keyfiyyətcə bütovlükdə MDB dövlətləri arasındakı əlaqələrdən və münasibətlərdən fərqlənir.

Bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı əlaqələrin sıxlığını, hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir:

"Bu səmimiyyət, yaxınlıq özünü həm də onda ifadə edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş protokola əsasən 45 dəqiqə əvəzinə 2 saatdan çox davam edib. Prezidentlər arasında bütün görüşlərdə olduğu kimi, sonuncu görüş zamanı da hər iki dövlət başçısı Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu vurğulayıblar. Tərəflər arasında doqquz vacib sənəd, ən əsası isə Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyanatı imzalanıb".

Politoloqun fikrincə, bu bəyanat bir daha göstərir ki, Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və hər iki dövlət istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq arenada biri-birini səmimi və ciddi şəkildə dəstəkləyirlər:

"Azərbaycan-Belarus münasibətlərinin xüsusi xarakter daşıdığını sübut edən məqamlardan biri də ondan ibarətdir ki, səfər öncəsi Belarus Prezidenti Azərbaycanın Belarusdakı səfirini, Azərbaycan Prezidenti isə Belarusun Azərbaycandakı səfirini qəbul edib. Prezidenlərin birgə bəyanatında hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məqamlar ifadə olunub. Xüsusi qeyd etmək lazımdır ki, bəyanatın altıncı bəndində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT TŞ-nın məlum qətnamələri və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi aydın şəkildə ifadə olunub. Həmçinin qeyd etmək lazımdır ki, tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətindən gözləntilərin daha çox olduğunu bildiriblər. Belə ki, bəyanatın yeddinci bəndində Minsk qrupununun münaqişənin tənzimlənməsi istiqamətində səylərini artırmalı olduğu göstərilib".

E.Mirbəşiroğlu hesab edir ki, digər sahələrlə yanaşı, hərbi-texniki sahədə də Belarus-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi baxımından Prezident İlham Əliyevin Belarusa səfəri olduqca əhəmiyyətlidir.

Səfər zamanı hərbi-texniki sahədə əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladan politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan-Belarus münasibətləri bütövlükdə beynəlxalq müstəvidə münasibətlərini formalaşdıran və əməkdaşlığını inkişaf etdirən digər dövlətlər üçün unikal bir nümunədir:

"Bu gün Azərbaycan və Belarus respublikaları münasibətlərini inkişaf etdirən və qarşılıqlı əməkdaşlıqlarını genişləndirən zaman öz milli maraqlarından çıxış etməklə yanaşı, qarşılıqlı şəkildə biri-birlərinin də maraqlarına böyük həssaslıqla yanaşırlar ki, bu da müasir beynəlxalq münasibətlər sistemində çox nadir müşahidə olunan bir nümunədir".(trend.az)

© AzNews.az